Русская версия  |  Əsas səhifə

İbadətlərin ruhu zikrdir

İkinci hissə

(Əvvəl: http://az.islam.az/article/a-1018.html)

Təsəvvüf aləmində özünəməxsus yeri olan Qəzzali bütün ibadətlərin iç mənasının, məğzinin zikrdən ibarət olduğunu iddia edirdi. O, “Kimiyaye-səadət” kitabında yazır:

“Bil ki, ibadətlərin məğzi və məqsədi Haqq-Taalanı yad etməkdir. Müsəlmanlığın sütunu namazdırsa, onun da məqsədi (mənası) Haqq-Taalanın zikridir. Necə ki (Allah) buyurur: “...Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək, şübhəsiz ki, daha böyükdür...” (Ənkəbut, 45).

...Elə isə, bütün ibadətlərin sirri və məğzi zikrdir. Müsəlmanlığın kökü “La ilahə illəllah, Mühəmmədun rəsulüllah” cümlələridir; bunun özü elə zikrdir. Bütün başqa ibadətlər də bu zikrin təkididir...” (Qəzzali. Kimiyaye-səadət, səh. 204).

Mirzə Cavad Mələki Təbrizi isə zikr mövzusuna münasibətini bu şəkildə ifadə edirdi:

“(İnsan gərək) bacardığı qədər zikr və fikri tərk etməsin; bunlar mərifət səmasında süzmək üçün iki qanaddır. Zikrlər barədə əsas tövsiyə budur ki, sübh və axşam vaxtı oxunması barədə hədislərdə göstəriş olan zikrləri söyləmək daha mühümdür...

Ustadım buyururdu ki, mən səcdədə Yunusiyyə zikrini söyləməyin təsirini çox görmüşəm. Gərək gün ərzində bu zikr davamlı oxunsun. Nə qədər çox oxunsa, təsiri də o qədər çox olar; ən azı gündə 400 dəfə oxunsun. Mən özüm də bu zikrin faydasını təcrübə etmişəm, daha bir neçə nəfər də bunu təcrübədən keçirdiyini iddia edib”.

Mirzə Cavad Mələki Təbrizi bu mövzuya “əl-Müraqibat” kitabında da toxunmuşdur. Müəllif yazırdı: “Nəcəfi-Əşrəfdə təhsil aldığım zaman öz zamanındakı təqvalı tələbələrin tərbiyə sahəsində müraciət mənbəyi olan bir ustadım vardı.  Ondan soruşdum ki, təcrübəyə əsasən Allaha doğru yönəlmiş salikin halına təsir göstərə biləcək hansı əməli tövsiyə edirsiniz?

O, iki əməli tövsiyə etdi:

Birincisi, gərək salik hər gecə-gündüz ərzində bir uzun səcdə etsin və səcdədə söyləsin:

“La ilahə illa əntə sübhanək. İnni küntü minəz-zalimin” (Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam).

(Bu, məşhur Yunisiyyə zikridir. Quranda buyurulur ki, Həzrət Yunis Peyğəmbər (ə) iri balıq tərəfindən udulduqdan sonra Allaha yalvarıb, xilas olmaq üçün dua etmişdi: “Zün-Nunu (balıq sahibi Yunisi) da xatırla! Bir zaman o (ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və onu möhnətə düçar etməyəcəyimizi güman etmişdi. Amma sonra qaranlıqlar içində: “(Pərvərdigara!) Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam”, - deyib dua etmişdi. Biz onun (Yunisin) duasını qəbul buyurduq və (balığın qarnından çıxartmaqla) onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk!” (Ənbiya 87-88). Həzrət Yunisin (ə) etdiyi bu dua kitablarda Yunisiyyə zikri kimi xatırlanır).

Ustadım öz ətrafındakılara bu səcdəni məsləhət görürdü. Səcdəni yerinə yetirən hər kəs, xüsusilə, səcdəni daha çox uzadanlar öz halətlərində onun təsirini hiss edirdilər. Onların bəzisi bu zikri min dəfə, bəzisi də bundan çox ya az təkrar etmişdi. Eşitmişəm ki, bəziləri bu zikri üç min dəfə təkrarlamışlar.

İkincisi, firuzə və ya əqiq qaşlı üzük taxsın. Rəvayət edirlər ki, Allah-Taala buyurub: “Barmağında firuzə qaşlı üzük olan əlini qaldırmış bəndəmi nakam halda geri qaytarmaqdan həya edirəm” (Vəsail əl-şiə, 7-ci cild, səh. 144).

İmam Cəfər Sadiq (ə) buyurmuşdur: “Allahın dərgahına sarı uzanmış heç bir əl mənim üçün əqiq üzük taxmış əl qədər sevimli deyil” (Mirzə Cavad Mələki Təbrizi. Əl-Müraqibat, səh. 202-203).

Опубликовано:14 Январь, 2019, Просмотров:1822
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog