Русская версия  |  Əsas səhifə

İmam Əlinin (ə) bəzi məşhur ləqəbləri

İmam Əli ibn Əbutalib (ə) həm dini mövzulu tarixi kitablarında, həm də klassik ədəbiyyat nümunələrində bəzi ləqəblərlə xatırlanır. Bu ləqəbləri oxuduqda və ya eşitdikdə mütləq Həzrət Əlinin (ə) nəzərdə tutulduğu aydınlaşır.

Ləqəblərin bir qismi künyə qismindəndir (Əbülhəsən və Əbu Türab kimi). Bəzi ləqəbləri İmam Əlinin (ə) valideynləri ona qoymuş, bəzilərini həzrət özünə aid etmiş, bəzilərini Peyğəmbər (s) ona vermiş, bəzilərini müasirləri, bəzilərini də sonrakı əsrlərdə yaşayan Əlisevərlər (o cümlədən, şairlər və ədiblər) o həzrətə layiq bilmişlər.

İmam Əlinin (ə) ən məşhur ləqəbləri bunlardır: Heydər (aslan), Kərrar (hücumu dəfələrlə təkrar edən və qələbəsiz geri dönməyən), Əsədullah (Allahın aslanı), Seyfullah (Allahın qılıncı), Mürtəza (bəyənilmiş), Şahi-mərdan (igidlərin şahı), Əmirəl-möminin (möminlərin əmiri), Siddiq (doğrucul, sədaqətli), Faruq (haqq ilə batil arasında fərq qoyan) və s.

Aşağıda bu ləqəblərin bəziləri haqqında qısa məlumatı diqqətinizə təqdim edirik. Ədalət naminə, bəzi ləqəblərin yaranma tarixi və daşıyıcıları barədə fərqli fikirləri də qeyd edirik.

Əbu Türab

Ərəb dilindən tərcümədə “toz-torpaqlı, üst-başı toza bulaşmış adam” mənasını verir (hərfi mənası “torpağın atası” deməkdir. Ərəb dilində “əbu” künyəsi atalıqdan əlavə, sahiblik, peşə, sevgi və aidiyyat mənalarını da ifadə edir. Məsələn, Əbu Ləhəb künyəsi (hərfi mənası “alovun atası”) alovun içində yanan, alova aid olan mənasını verir. Məşhur səhabə Əbu Hüreyrə isə pişikləri çox sevdiyinə görə Peyğəmbər (s) hərfi mənası “pişiklər atası” olan bu ləqəbi ona vermişdi.

Əbu Türab künyəsi İmam Əliyə (ə) Həzrət Mühəmməd Peyğəmbər (s) tərəfindən verilmişdi. Əmmar ibn Yasirdən rəvayət edilir ki, hərbi yürüşlərin birində (hicri ikinci ildə baş vermiş və Məkkə karvanını ələ keçirmək məqsədi ilə baş vermiş Zül-əşirə qəzvəsi olduğunu yazırlar) fasilə zamanı Əmmarla İmam Əli (ə) yerdə uzanıb dincəlirmişlər. Bu zaman Peyğəmbər onların yanına gəlir və pal¬tarı toza bulaşmış Əlini silkələyərək: “Ey Əbu Türab, qalx!” – deyə buyurur. Sonra Peyğəmbər (ə) Əli ibn Əbu Talibə (ə) gələcəkdə necə şəhid olacağı barədə danışır. Əli (ə) şəhadət xəbərini tam razılıqla qarşılayaraq, bu səadətə nə vaxt nail olacağını səbirsizliklə gözlədiyini bildirir.

Bu hadisədən sonra Əbu Türab künyəsi İmam Əlinin (ə) ən məşhur ləqəblərindən birinə çevrilir. Həm Peyğəmbər (c), həm də səhabələr onu çox zaman bu adla çağırardılar. Maraqlıdır ki, sonrakı dövrlərdə Əhli-beytin düşmənləri İmam Əli (ə) haqqında söhbət düşəndə bu künyəni təhqir əlaməti olaraq işlədirdilər. Həmçinin, İmam Əlinin (ə) guya Fatiməyə (ə) qəzəbləndiyi zaman öz başına torpaq tökdüyü və buna görə Əbu Türab adlandığı barədə rəvayət də Əməvi rejiminin uydurmasıdır.

Əbu Türab künyəsinin mənası barədə də fikirlər fərqlidir. Bir rəyə görə, İmam Əli (ə) yerdə uzanıb yatdığı və üst-başı toz-torpağa bulaşdığı üçün Peyğəmbər (s) onu bu adla çağırmışdı. Bəzi rəvayətlərə görə Əbu Türab künyəsində simvolik məna gizlənib. İmam Əli (ə) Allahın yer üzündə höccəti və bir növ, yerin sahibidir (Peyğəmbərdən sonra). Yer üzü höccətsiz qala bilməz. İrfani anlamda yerin öz varlığını davam etdirməsi üçün üzərində mütləq Allahın höccəti olmalıdır. Bəzi alimlər, arif və sufilər Əbu Türab künyəsini məhz bu mənada qəbul etmişlər.

Əmir əl-möminin

Ərəb dilindən tərcüməsi “möminlərin əmiri (başçısı)” deməkdir. Əhli-sünnə rəvayətlərinə görə, bu ləqəb ilk dəfə ikinci xəlifə Ömər ibn Xəttaba verilmişdir. (Birinci xəlifə Əbu Bəkrə “Ey Allah Rəsulu¬nun xəlifəsi” deyə müraciət edirdilər. Ömər də əvvəllər bu ləqəbi daşıyırdı). Rəvayətə görə, o, İraq valisi Müğeyrə ibn Şöbəyə məktub yazıb tələb etmişdi ki, iki nəfər iti zehinli adamı Mədinəyə göndərsin. Ömər onlardan İraqdakı vəziyyət barədə ətraflı məlumat almaq istəyirdi. Ədiyy ibn Hatəmlə (bu, səxavəti ilə məşhur olan Hatəm Tainin oğlu idi) Ləbid ibn Rəbiəni xəlifənin hüzu¬runa göndərdilər. Onlar Mədinəyə daxil olub Peyğəmbər məscidinə gəldilər, qapıda Əmr ibn Asla görüşüb xahiş etdilər: “Bizi əmir əl-mömininin yanına apar”. Bu ləqəbi çox bə¬yənən Əmr ibn As gələnlər haqqında xəbər vermək üçün Ömərin yanına gedir və ona: “Salam olsun sənə, ya əmir əl-möminin!” – deyə müraciət edir. O zamandan Öməri bu ləqəblə çağırmağa başlayırlar. Sonrakı raşıdi, Əməvi və Abbasi xəlifələri də “əmir əl-möminin” ləqəbini daşımışlar. Mərkəzi hakımiyyətin tabeçiliyindən çıxıb müstəqillik elan etmiş dövlətlərin başçıları da özlərinə bu ləqəbi götürürdülər. Miladi 1517-ci ildən etibarən xilafətin ləğvinə kimi “əmir əl-mö-minin” ləqəbi Osmanlı sultanlarına məxsus olmuşdur.

Şiə mənbələrində “əmir əl-möminin” ləqə¬binin yalnız İmam Əli ibn Əbu Talibə (ə) aid olduğu təkid edilir. Hədislərə görə, Həzrət Mühəmməd Peyğəmbər (s) Əli ibn Əbu Talibin (ə) haqqında dəfələrlə “əmir əl-möminin” kəlməsini işlətmiş və onu bu adla müsəlmanlara təqdim etmişdi (Əllamə Əmini. Əl-Ğədir, 8-ci cild, səh. 87). Qədir-Xum hadisəsində də səhabələr Peyğəmbə¬rin (s) tarşırığı ilə Əli ibn Əbu Talibə (ə): “Əs-¬səlamü əleykə ya əmir əl-möminin” – deyə, beyət etmişdilər. Beləliklə, şiə məzhəbinə görə bu ləqəb Ömər ibn Xəttabdan da əvvəl İmam Əliyə (ə) məxsus olmuşdur.

Опубликовано:19 Март, 2019, Просмотров:1857
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog