Русская версия  |  Əsas səhifə

Peyğəmbərlər - Allahla bəşər arasında vasitəçilər

Dinin əsas şərtlərindən (üsuli-din) biri də peyğəmbərlərə inamdır (nübüvvət). Müsəlman adlanan kəs Allah-Taalanın göndərdiyi bütün peyğəmbərlərə inanmalı, ən əsası isə Həzrət Mühəmmədin (s) sayca sonuncu, şərafətcə birinci peyğəmbər olduğuna iman bəsləməlidir.

Müsəlmanların əqidəsincə, Həzrət Mühəmməd (s) “peyğəmbərlərin möhrü”dür, yəni sonuncu peyğəmbərdir. Allah-Taala Həzrət Mühəmməddən (s) sonra yer üzünə peyğəmbər göndərməyib və qiyamət gününədək göndərməyəcək.

Peyğəmbərlərə inam Allaha inamla yanaşıdır. Belə ki, Allaha inanıb peyğəmbərləri danan kəs müsəlman deyil. Peyğəmbərlərin hər hansı birinin ruhunu təhqir etmək, Həzrət Mühəmmədin (s) sonuncu peyğəmbər olduğuna inanmamaq, Ondan sonra peyğəmbərlik iddiası edən hər hansı şəxsə iman gətirmək İslam dinindən çıxmaq deməkdir.

Peyğəmbərlər nə üçün göndərilmişlər?

Allah-Taala insanın fitrətində bir dindarlıq və Allahsevərlik meyli yaratmışdır ki, onun köməyindən istifadə edərək haqq yolu tapa bilsin (bu barədə məlumat almaq üçün bax: http://az.islam.az/article/a-242.html).

Lakin şübhəsiz, insanın Allahı daha yaxşı tanıması üçün fitri dindarlıq kifayət deyildir. Çünki insanın daxili aləmində həmişə gizli xeyir-şər mübarizəsi getməkdədir. Əgər fitri dindarlıq və vicdan insanı xeyir əməllərə sövq edirsə, tamah, şəhvət, paxıllıq kimi hisslər onu bu yoldan sapdırır. İnsan bu daxili mübarizədə bəzən elə gücsüzləşir ki, seçki meyarlarını itirir, hansı işin yaxşı, hansının pis olduğunu təyin etməyə çətinlik çəkir. Belə vəziyyətdə o, artıq hər şeyə şübhə edir, daxili qüvvələr onu idarə etməyə acizlik çəkir.

Tarixin müəyyən dövrlərində bu çaşqınlıq təkcə fərdlərlə məhdudlaşmır, bütöv cəmiyyətə sirayət edir. Böyük xalqlar, millətlər get-gedə Allahın yolundan çıxaraq cinayət və azğınlıq girdabına düşürlər. Cəmiyyəti sədaqət deyil, yalan idarə etməyə başlayır, oğurluq, əxlaqsızlıq, qəddarlıq müvəqqəti olaraq haqqı üstələyir. Hətta dünya qanunları, cinayət məcəllələri, əxlaq kodeksləri də qoluzorlulara, sərvətlilərə xidmət edir (Tarixdə buna xeyli misallar vardır).

Bu zaman insanların Yaradanı və daimi yolgöstərəni olan Allah yatmış vicdanları oyatmaq və azğın insanları haqq yola qaytarmaq üçün zahiri əlamətləri işə salır, yəni öz elçilərini (peyğəmbərləri) göndərir.

“Peyğəmbər” sözünün farscadan tərcüməsi “xəbər aparan” deməkdir. İlkin ərəbdilli islami mətnlərdə (o cümlədən Qurani-Kərimdə) Allahın elçiləri “nəbi” (xəbər verən) və “rəsul” (göndərilmiş) adlandırılmışlar. Bu sözlərin mənasından aydın olduğu kimi peyğəmbər – Allahın əmrlərini insanlara çatdırmaq üçün Onun tərəfindən göndərilmiş şəxsdir.

Allah-Taala heç kimə və heç nəyə möhtac olmadığı üçün Onun borcu və vəzifəsi də yoxdur. Lakin Allah son dərəcə mərhəmətli və hikmətli olduğundan, bəzi işləri və sifətləri Özü üçün vəzifə kimi qəbul etmişdir. Məsələn, Allah öz bəndələrinə zülm edə bilərdi, buna Onun qüdrəti də çatar. Lakin zülmkarlıq bəyənilməz sifət olduğu üçün Allah onu Özünə yaraşdırmamış və insanlara qarşı həmişə ədalətli və mərhəmətli olmağı iradə etmişdir. Həmçinin, Allah-Taala insanları yaratdıqdan sonra onları ruzisiz qoya bilərdi. Lakin bu, Allahın sonsuz mərhəməti ilə uyğun gəlmədiyi üçün O, bütün bəndələrinin ruzisini yetirməyi üstün bilmişdir. Buna dini ədəbiyyatda “lütf” deyilir.

Alimlərin fikrincə, Allahın peyğəmbərlər göndərməsi də Onun Özü üçün vacib hesab etdiyi işlərdəndir. Allah öz bəndələrini daxili keşməkeşlərin, iman-küfr mübarizəsinin, azğınlıq və hiyləgərliklərin ixtiyarına buraxa bilərdi. Lakin O, insanlara qarşı xeyirxah və mərhəmətli olduğu üçün onlara düz yolu göstərmək və xəbərdarlıq etmək məqsədilə peyğəmbərlər göndərmişdir. Allah-Taala Qurani-Kərimdə bu barədə belə buyurur: “Bizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir” (Leyl, 12).

Qurani-Kərimin ayələrində, eləcə də, hədislərdə peyğəmbərlərin bəşəriyyət üçün faydaları bu şəkildə sadalanır:

a) Peyğəmbərlər insanlara Allahın hökmlərini yetirib, ortada vasitəçi rolunu oynayırlar. Peyğəmbərlər olmadan insanların din və şəriətdən xəbərdar olmaları mümkün deyildir. Bu cəhətdən bütün adi insanlar peyğəmbərlərə borcludurlar. Quranda buyurulur: “Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki, bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər” (Ali-İmran, 164).

b) Peyğəmbərlər Allahın əmri ilə insanlara elm və bilik öyrədir, bilmədikləri çətin məsələləri asan dillə şərh edirlər. Qurani-Kərimdə buyurulur: “(Əksəriyyəti yazıb-oxumaq bilməyən) ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. (Bu Peyğəmbər) əvvəllər haqq yoldan açıq-aşkar azsalar da, onlara (Allahın) ayələrini oxuyar, onları (günahlardan, şirk və küfr çirkabından) təmizləyər, onlara Kitabı və hikməti öyrədər” (Cümə, 2).

c) Peyğəmbərlər camaatın arasında ədalətlə hökm edərək, düzgün qanunlar qoymuş, məzlum insanların haqqını özlərinə qaytarmışlar: “İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən (əzabla qorxudan) peyğəmbərlər göndərdi, insanlar arasındakı ixtilafları ayırd etmək üçün O, peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi” (Bəqərə, 213).

ç) Peyğəmbərlərin daha bir vəzifəsi insanların əxlaqını kamilləşdirmək, onları çirkinlik və günahların caynağından xilas etməkdir. Həzrət Mühəmməd Peyğəmbər (s) bu barədə buyurmuşdur: “Mən insanlarda gözəl əxlaqı kamilləşdirmək üçün göndərilmişəm” (hədis “Səfinət əl-Bihar” kitabındandır).


Опубликовано:5 Апрель, 2019, Просмотров:2082
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog