Русская версия  |  Əsas səhifə

Peyğəmbərlər – Allahla bəşər arasında vasitəçilər

Dördüncü hissə

(Əvvəli: http://az.islam.az/article/a-1035.html; http://az.islam.az/article/a-1036.htmlhttp://az.islam.az/article/a-1037.html)

Peyğəmbərliyin əsas şərtləri

Şübhəsiz, hər bir peşənin sahibi müəyyən xüsusiyyətlərə malik olmalı, bəzi məziyyətlərlə başqalarından seçilməlidir. Əgər bu sifətlər onda olmasa, öz vəzifəsini yerinə yetirə bilməz, cəmiyyətdə mövqeyini və hörmətini itirər, insanlar tərəfindən sevilməz. Belə insanı ya bacarıqsız, ya da yalançı adlandırarlar.

Məsələn, müəllim mütləq bir neçə xüsusiyyətə malik olmalıdır. O, dərs dediyi fənni mükəmməl bilməli, tədris metodikasından xəbərdar olmalı, uşaq və yeniyetmələrin psixologiyasını öyrənib onlarla rəftar etməyi bacarmalı, şagirdlərin məhəbbətini qazanmalı, onlarda fənnə qarşı maraq yaratmalı, gözəl əxlaqı və davranışı ilə şagirdlərə nümunə göstərməlidir. Bu tələblərin hər hansı birinə cavab verməyən müəllim hərtərəfli pedaqoq sayılmaz, öz fəaliyyəti ərzində müvəffəqiyyət qazanmaz və şagirdləri tərəfindən sevilməz.

Bəşəriyyətin mətin rəhbəri və səbrli tərbiyəçisi olan peyğəmbərlərin də müəyyən xüsusiyyətlərə malik olması zərurəti inkaredilməzdir. Bu xüsusiyyətlər hər bir Allah elçisinin peyğəmbərliyini sübuta yetirən əsas vasitələrdən sayılır.

a) Peyğəmbər günahsız olmalıdır

Peyğəmbər üçün vacib olan xüsusiyyətlərin birincisi günahsızlıqdır. Bu xüsusiyyətə “ismət”, ona malik olan şəxsə isə “məsum” deyirlər. Bu barədə ötən məqalələrin birində ətraflı məlumat verilmişdir (bax: http://az.islam.az/article/a-480.html).

b) Peyğəmbər yüksək ağıl və zəkaya sahib olmalı, hiylələrə aldanmamalıdır

Aydındır ki, cəmiyyətə dini rəhbərlik edən şəxs cəmiyyətin hər bir fərdindən daha üstün ağla və zəkaya malik olmalıdır. Əgər camaat peyğəmbəri aldada bilsə, peyğəmbər mübahisəli məsələlərdə yalançı şahidlərin xeyrinə hökm verib şəriəti pozar. Bu zaman insanlar ona ya nifrət bəsləyər, ya da “sadəlövh” deyib istehza edərlər və peyğəmbər öz hörmətini itirər.

Həzrət Mühəmməd peyğəmbər (s) buyurmuşdur: “Allah-Taala göndərdiyi hər bir nəbinin və rəsulun ağlını kamilləşdirdi, onu ağılca bütün ümmətdən üstün etdi” (“Üsuli-Kafi”).

c) Peyğəmbər səhv etməməlidir

Peyğəmbər camaatla rəftarında səhvə yol versə, onun üçün nöqsan sayılar. Əgər etdiyi səhvə görə üzr istəsə, nəticəsi əvvəlkindən də pis olar. Allahdan vəhy alan Peyğəmbərə səhvini başa salan insanlar özlərinin Allahdan daha elmli olduqlarını düşünərlər; peyğəmbərin üzr istəməsi isə onların bu fikrini lap qüvvətləndirər.

Buna görə də Allah öz peyğəmbərini səhv etməyə qoymur. Bu, məcburən baş vermir; Allah peyğəmbərə elə parlaq zəka bəxş edir ki, o, hər bir hərəkətinin aqibətini irəlicədən görür və uzaqgörənliklə tərpənib səhvdən qoruna bilir.

Yuxarıda sadalanmış xüsusiyyətlər peyğəmbəri adi mütəfəkkirdən və alimdən fərqləndirir. Onların arasındakı əsas fərqlər aşağıdakılardır:

1) Alim və mütəfəkkir öz biliyini ya müəllimdən öyrənir, ya kitablardan oxuyur, ya da təcrübə vasitəsilə əldə edir. Halbuki, peyğəmbərin bütün elmi Allah tərəfindən ona ötürülür. Peyğəmbərin müəllimi – Allah, kitabı – ona verilən vəhydir.

2) Hər bir alim öz kəşfini elan edərkən əvvəlcə onun səhv olacağından qorxur. Lakin peyğəmbər tam cəsarətlə Allahın sözlərini xalqa çatdırır. Onun hərəkətlərində tərəddüd müşahidə edilmir.

3) Bəzi elmi kəşflər zaman keçdikcə öz həqiqətini itirir, kəşfin sahibi isə səhv etdiyini boynuna alır. Lakin tarixdə elə peyğəmbər yoxdur ki, dediyindən dönsün və əleyhdarlarından üzr istəsin. Zaman ötdükcə peyğəmbərlərin sözləri köhnəlmir, əksinə, daha da reallaşır və doğruluğu ilə insanları valeh edir.

4) Alim və mütəfəkkir yalnız məhdud dairəli elmlərdə məharət qazanır. İstedadlı şairin tibbdən xəbərsiz olması, yaxud məşhur riyaziyyatçının tarixi bilməməsi adi haldır. Peyğəmbər isə hər bir elm sahəsində ən yüksək səviyyəyə malik olur. Həzrət Mühəmməd Peyğəmbər (s) tibb elmini həkimlərdən, astronomiyanı münəccimlərdən, söz və natiqlik sənətini ədəbiyyatçılardan, müharibə qaydalarını sərkərdələrdən, insan psixologiyasını tərbiyəçilərdən daha yaxşı bilirdi. Həm zahiri görünüşcə, həm əxlaqca, həm də fiziki qüvvəcə hamıdan üstün idi.

ç) Peyğəmbər şərəfli əsil-nəsəbdən olmalıdır

İnsan psixologiyasının bir cəhəti də  bundan ibarətdir ki, bəzən insan başqasının şəxsiyyətinə deyil, əsil-nəsəbinə diqqət yetirir. Pis ad çıxarmış nəslin nümayəndəsi istər-istəməz insanda mənfi təəssürat yaradır. Əksinə, əsil-nəcabətli şəxs ətrafdakıların məhəbbət və ehtiramını qazanır. Əgər peyğəmbərin əsil-nəsəbi pis olsa, düşmənləri ona tənə edib, həqarətlə baxarlar. Buna görə də bütün peyğəmbərlərin həm atası, həm də anası təmiz əxlaqlı, pak əqidəli, eyibsiz insan olmuşdur.

d) Peyğəmbər camaatda nifrət hissi yaradan xəstəliklərə (məsələn, vəba, taun, cüzam, yara-xora, dəri-zöhrəvi xəstəliklər və s.) tutulmamalıdır.

Əgər peyğəmbər yuxarıda sadalanmış xəstəliklərin biri ilə yoluxarsa;

a) İnsanlar ona nifrət edib həqarətlə baxar, özlərindən əskik sayarlar.

b) İnsanlar xəstəliyə yoluxmamaq üçün peyğəmbərdən qaçarlar, yaxud peyğəmbər özü insanları yoluxdurmamaq üçün onlardan ayrılar. Hər iki halda bu, peyğəmbərin təbliğat işinə mane olar.

v) Yoluxucu xəstəliyə düçar olmuş peyğəmbər insanlardan xəcalət çəkər, onların nöqsan cəhətlərini söyləyə bilməz. Əgər belə etsə də, camaat tərəfindən rişxənd və təhqirlə qarşılanar.

q) Peyğəmbər özü xəstə olarsa, şəriətin bir sıra göstərişlərinə (dəstəmaz, qüsl, oruc və s.) əməl edə bilməz, “imanın yarısı” adlandırılan təmizlik və gigiyena qaydalarını gözləməz. Bu isə mümkün deyildir, çünki peyğəmbər şəriətə riayət etməkdə hamıdan birinci olmalıdır.


Опубликовано:16 Июнь, 2019, Просмотров:737
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog