Русская версия  |  Əsas səhifə

Azərbaycanla müqəddəs məkanların əlaqələr tarixinə bir baxış

İkinci hissə

(Əvvəli: http://az.islam.az/article/a-1047.html)

XIX əsrin sonları – XX əsrin ilk rübündə Azərbaycan müsəlmanları şəriət məsələlərində Nəcəf üləmasına təqlid edirdilər. Nəcəfdə təhsil alıb qayıtmış yerli ruhanilər xalqı həmin müstəhidlərin təqlidinə yönəltməkdə fəal yardım göstərirdilər. Onlar özləri bu böyük müctəhidlərdən təhsil almış, onların elmi səviyyəsinə yaxından bələd olmuşdular. Sovet hakimiyyəti məhdudiyyətlər tətbiq edənə kimi yerli ruhanilər Nəcəf üləması ilə mütəmadi olaraq əlaqə saxlayırdılar.

Azərbaycan müsəlmanlarının Nəcəf müctəhidlərinə təqlid etməsini kitabxana fondlarında mövcud olan o zamana aid mənbələr də təsdiq edir. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının və AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun fondlarında Ayətullahül-üzma Seyyid Mühəmməd Kazim Təbatəbai Yəzdinin “əl-Ürvət əl-vüsqa”, Seyyid Əbülhəsən İsfahaninin “Vəsilət əl-nicat”, Şeyx Zeynalabidin Mazandaraninin “Zəxirət əl-ibad”, Mirzayi-Şirazinin sual-cavab şəklində fətva məcmuələrinin (o cümlədən, “Minhəc əl-nəcah” və “Sirac əl-ibad”) və digər kitabların müxtəlif nüsxələri saxlanılır. Haşiyələrdəki qeydlərdən görünür ki, həmin kitablar Azərbaycan müsəlmanları tərəfindən mütaliə və tədqiq edilmişdir.

Nəcəf təhsilli Azərbaycan alimləri müstəqil əsərlər qələmə almaqla yanaşı, öz ustadlarının kitablarına haşiyə və şərhlər də yazırdılar. Biblioqrafik mənbələrdə bu haşiyə və şərhlərin bir qismi haqqında məlumat verilir.

Azərbaycan müsəlmanları ən azı son 150 il ərzində dini və ictimai-siyasi məsələlərdə Nəcəf üləmasının fətvaları ilə hesablaşmış, mübahisəli məsələlərdə onların rəyini əsas tutmuşlar. Həssas məsələlərdə Nəcəf alimləri vəziyyətə müdaxilə edərək öz mövqelərini bildirir, bununla da mübahisələrə son qoyulurdu. Nəcəf alimlərinin rəyi o qədər mühüm və nüfuzlu idi ki, hətta bundan sui-istifadə cəhdləri də edilirdi.

Uzun müddət Nəcəf şəhərində böyük müctəhidlərdən dərs almış maştağalı axund Mirzə Əbdülkərim (bir çox dini kitabların müəllifi Əhmədağa Əhmədovun atası) Bakıya qayıtdıqdan sonra “aşura günü baş yarmaq, zəncir vurub qan çıxarmaq kimi əməllərin şəriət qanunlarına zidd olduğunu görüb ruhanilərə deyirdi ki, siz günah işləri xəlqə ibadət kimi təqdim edirsiniz”. Camaatın axunda qarşı müxalifəti elə güclü olur ki, hətta bir nəfər o zamanın məşhur müctəhidi Seyyid Mühəmməd Kazim Təbatəbai Yəzdinin (Sahibi-Ürvə) adından saxta məktub yazıb, bu kimi əməllərin əslində savab olduğunu orada qeyd edir. Seyyid Yəzdi Mirzə Əbdülkərimə Nəcəfdə dərs demişdi və onlar məktub vasitəsilə ünsiyyət saxlayırdılar. Axund Mirzə Əbdülkərim ona təqdim edilən məktubu Nəcəfə göndərib müəllimindən xahiş edir ki, məsələyə aydınlıq gətirsin. Seyyid Mühəmməd Kazim Yəzdi bu saxta məktubu görüb qəzəblənir və məktubun kənarında yazır: “Nə bu mənim xəttimdir, nə bu möhür mənim möhürümdür. Allah lənət eləsin bu naməni yazıb düzəldənlərə” (Hacı Kamal Novruz. Əhmədağa Əhmədov, səh. 21, Bakı, 2009).

Sovet hakimiyyəti illərində “Molla Nəsrəddin” jurnalının səhifələrində dinə qarşı məsxərə ilə dolu məqalələr çap edildiyi üçün Nəcəf üləması bu problemə də biganə qalmamışdır. Azərbaycandan onlara məktub göndərilərək, “Molla Nəsrəddin” jurnalında dini hökmlərin təhrif edilməsi, ruhanilərin təhqir olunması, insanların məsciddən uzaqlaşdırılması, ibadət etmək əvəzinə qəzet oxumağa təşviq edilməsi, qadınların hicabsızlığa çağırılması, talaq kimi hökmlərin məsxərəyə tutulması barədə məlumat vermişlər. Belə bir vəziyyətdə hansı mövqedə durmaq lazım olduğu müctəhidlərdən soruşulmuşdu. Axund Xorasani, Ayətullah Əbülqasim Ordubadi, Seyyid Əbülhəsən Həsəni (Seyyid Əbülhəsən İsfahani olduğunu zənn edirik) və Abdullah Mazandarani kimi məşhur müctəhidlər “Molla Nəsrəddin” jurnalının əleyhinə fətva vermişdilər. Hər alimin fətvası möhürlə təsdiq edilmişdi.

Azərbaycan ruhanilərinin Nəcəf üləması ilə əlaqələri sovet hakimiyyətinin atezim siyasətinin tüğyan etdiyi 20-ci illərdə də davam etmişdir. “Molla Nəsrəddin” jurnalının 1925-26-cı il tarixli saylarında maştağalı Şeyx Hüseyn, bakılı Şeyx Qəni ağa, salyanlı Mir Əşrəf ağanın və başqa alimlərin Nəcəf, Kərbəla şəhərləri ilə rabitəsi tənqid edilir. Hətta jurnalın 1926-cı il mart tarixli 12-ci sayında Şeyx Qəninin ramazan ayı ilə bağlı Nəcəf alimlərinin rəyini öyrənmək cəhdi karikatura vasitəsi ilə məsxərəyə qoyulub. Karikaturada radio aparatı vasitəsi ilə rabitə qurmağa çalışan alim təsvir edilib və bu sözlər yazılıb: “Qubalılar məscidində Şeyx Qəni təzə tikdirdiyi radio ilə ramazan ayında kəmyek olub-olmadığını xəbər alır”.

Опубликовано:28 Июнь, 2019, Просмотров:1438
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog