Русская версия  |  Əsas səhifə

Ulduzlar əsasında Amerika qitəsinə yolu göstərmiş müsəlman alim

İkinci hissə

(Əvvəli: http://az.islam.az/article/a-1058.html)

Əl-Fərqaninin “Cəvami” (Ulduzlar haqqında elmin və səma hərəkətlərinin məcmusu) kitabı qərb elminin inkişafına həlledici təsir göstərmişdir. Artıq XII əsrdə kitab iki dəfə ərəb dilindən latıncaya tərcümə edilmişdi. Daha bir neçə əsrdən sonra əsərin Avropa dillərinə tərcümələri də işıq üzü görməyə başladı. Kitab ilk dəfə 1493-cü cildə çap üsulu ilə nəşr edildi. 1669-cu ildə hollandiyalı ərəbşünas və riyaziyyatçı Cekob Qolius onu yenidən latın dilinə çevirdi. Əl-Fərqaninin “Ulduzların hərəkəti və nücum elminin xülasəsi” kitabı Şərqdə və xüsusilə, Qərbdə astronomiya elmi üzrə ensiklopediya sayılırdı.

Dahi italyan şairi Dante Alfraqanusun (əl-Fərqaninin) kitabları ilə yaxşı tanış idi. Onun ən böyük əsəri olan “İlahi komediya” bir çox cəhətlərdən şərq alimlərinin nailiyyətləri əsasında qələmə alınıb. Komediyada təsvir edilən Bərzəx müəllif tərəfindən Yerin cənub yarımkürəsindəki dağlardan birinin üzərində yerləşdirilib. Əl-Fərqani ulduzların səmadakı yerini öyrənərək bu nəticəyə gəlmişdi ki, Qərbdə naməlum qitə yerləşir. Alim həmin qitənin səmasında görünən ulduzların təsvirini öz əsərlərində vermişdi. Maraqlıdır ki, Dantenin “İlahi komediya”sındakı bərzəx də eynilə həmin ulduzların altında yerləşir.

İtalyan səyyahı Ameriqo Vespuççi XV əsrin sonlarında Kolumb tərəfindən kəşf edilmiş “Hindistan”a gəlib-çıxanda (Kolumb əslində indiki Amerika qitəsinə ayaq bassa da, Hindistana çatdığını düşünürdü; ondan sonra da hələ uzun müddət bu torpaqların Hindistan olduğunu zənn edirdilər) xəbər vermişdi ki, qitənin cənubunda səmada Dantenin təsvir etdiyi ulduzları müşahidə etmişdir. O zamana kimi naməlum olan qitəni onun adı ilə (Amerika) adlandırdılar. Beləcə, şərq alimi əl-Fərqani Amerikanın kəşfini öncədən xəbər verdi.

700 il ərzində əl-Fərqaninin astronomiya sahəsindəki əsərləri qərb ensiklopediyalarının və dərsliklərinin əsasını təşkil etdi. Təcrübəyə əsaslanan və ardıcıl olaraq səmanı müşahidə edən əl-Fərqani çoxlu elmi kəşfə imza atmışdır. Nümunə kimi qeyd edək ki, o, Yerin kürəşəkilli olmasını elmi yolla isbat etmiş, ilin ən uzun gününün 22 iyun, ən qısa gününün isə 23 dekabr olduğunu hesablamışdır. Əl-Fərqani Günəşin üzərindəki ləkələri aşkara çıxarmış, 832-ci ildə baş vermiş Günəş tutulması barədə qabaqcadan xəbər vermişdi. O, 832-833-cü illərdə Tadmur ilə Raqqa arasında səhradan keçən Yer meridianının uzunluğunu ölçmək üçün təşkil edilmiş elmi ekspedisiyanın üzvü olmuşdur.

Əl-Fərqaninin astoronmik araşdırmaları onun coğrafiya üzrə apardığı tədqiqatlarla birbaşa bağlı idi. “Ulduzlar haqqında elmin əsasları” əsərinin sonunda alim məlum coğrafi obyektlərin cədvəlini təqdim edir. O, həmin obyektləri şərqdən qərbə doğru yeddi iqlim qurşağı üzrə yerləşdirir və hər birinin dəqiq koordinatlarını göstərir. “Coğrafiya elminə giriş”, “Dünyanın məşhur ölkə və şəhərlərinin adları və onların iqlim şəraitləri” kitabları da əl-Fərqaninin qələminin məhsuludur.

Alim ömrünün son illərini Qahirədə keçirmişdir. Burada o, üstürlab alətini (ulduzların yerini təyin edən və aralarındakı məsafəni ölçən cihaz) qurmaqla məşğul olur. Əl-Fərqani bu cihazın riyazi təsvirini vermiş və onu təkmilləşdirmişdir. O, Qahirədə nilometr adlı qurğunu da yaratmışdır. Bu qurğu 861-ci ildə Nil çayının suyunun səviyyəsini ölçmək üçün əl-Fərqaninin rəhbərliyi altında hazırlandı. Misir əhalisi üçün bu çox mühüm qurğu idi. Subasmaları zamanı çayın səviyyəsinin həddən artıq yüksəlməsi ətraf torpaqların bataqlıq halına düşməsinə və qəhətliyə səbəb olurdu.

Qədim yunan tarixçisi Herodot yazırdı ki, bəzən Nil çayı daşır və təkcə deltanı deyil, bütün ətraf məntəqələri də su basırdı. Bu zaman çayın bir tərəfindən qarşı sahilə keçmək iki gün vaxt aparırdı. Əl-Fərqani tərəfindən layihələndirilmiş və Nil üzərindəki Roda adasında quraşdırılmış qurğu subasmaların vaxtını qabaqcadan bilməyə əsas verirdi. Bu kəşfdən hətta Asuan bəndinin tikintisi zamanı da istifadə etmişdilər. O öz aktuallığını hələ də itirməyib və Qahirənin milli tarixi sərvətlərindən sayılır.

Coğrafi dairələrdə əl-Fərqaninin “Coğrafiya elminə giriş”, “Dünyanın məşhur ölkə və şəhərlərinin adları və onların iqlim şəraitləri” kimi əsərləri çox məşhurdur. 1998-ci ildə alimin anadan olmasının 1200 illiyi UNESCO-nun təşəbbüsü ilə bütün dünyada təntənəli şəkildə qeyd edilmişdir.

Опубликовано:13 Сентябрь, 2019, Просмотров:1184
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog