Русская версия  |  Əsas səhifə

“Fatihə” surəsinin təfsiri

On ikinci hissə

(Əvvəli: http://az.islam.az/article/a-989.html; http://az.islam.az/article/a-992.html; http://az.islam.az/article/a-1007.html; http://az.islam.az/article/a-1011.html; http://az.islam.az/article/a-1012.html; http://az.islam.az/article/a-1020.html;http://az.islam.az/article/a-1028.html; http://az.islam.az/article/a-1049.html; http://az.islam.az/article/a-1050.html; http://az.islam.az/article/a-1051.html; http://az.islam.az/article/a-1055.htmlhttp://az.islam.az/article/a-1056.html)

İkinci ayə: “əl-Həmdu lillahi Rəbbil-aləmin”

Lüğət alimləri ayədəki “aləmin” kəlməsində bizim aləmimizdən savayı digər canlı aləmlərin (sivilizasiyaların) mövcudluğuna işarə olduğunu sübut etmək üçün “in” cəm şəkilçisinə diqqət yetirmişlər. Məlumdur ki, “aləm” sözünün cəmi “əvalim” və “aləmun”dur. “Aləm” bu babda olan yeganə sözdür ki, “un” şəkilçisini artırmaqla cəm yaranır (Ayətullah Seyyid Əbülqasim Xoyi. Əl-Bəyan təfsiri, 2-ci cild, səh. 775).

Lakin ayədə aləmlərin çoxluğunu bildirmək üçün “un” deyil, “in” şəkilçisi işlənmişdir. “İn” şəkilçisi isə şüurlu varlıqların cəmini bildirmək üçün istifadə edilir. Buna görə bəzi lüğət və təfsir alimləri sözükeçən ayədə məhz şüurlu varlıqlardan ibarət aləmlərin nəzərdə tutulduğunu israr etmişlər.

Qeyd edək ki, irfan mənbələrində də aləmlərin sayının çox olması barədə məlumatlar mövcuddur. Seyyid Cəfər Səccadi “İrfani sözlər, terminlər və ibarələr lüğəti” adlı əsərində yazır: “Deyirlər ki, on səkkiz min aləm mövcuddur, bunların sayını əlli minə kimi yazırlar” (səh. 567). Aləmlərin sayının 310, on iki min, on dörd min yaxud on səkkiz min olduğuna dair xəbərlər vardır. İmam Cəfər Sadiqin (ə) aşağıdakı hədisi Şeyx Səduqun “Xisal” kitabında qeyd edilib: “Allahın on iki min aləmi vardır ki, onların hərəsi yeddi səmadan və yeddi yerdən daha böyükdür. O aləmlərdən heç birinin xəbəri yoxdur ki, Allah onlardan başqa aləm də yaradıb. Mən onların hamısına hüccətəm”.

İrfan sahibi olan məşhur şairlərin əsərlərində “on səkkiz min aləm” ifadəsinə rast gəlirik. İrfan ədəbiyyatının böyük simalarından olan Əttar Nişapuri şeirlərinin birində yazırdı (fars dlindən tərcümə):

(Allah) Öz sirrini Özündən Özündə aşkar etdi,

Bundan on səkkiz min sirli aləm (vücuda) gəldi.

Cəlaləddin Ruminin “Məsnəvi”sində və rübailərinin birində “on səkkiz min aləm” ifadəsi işlədilir.

Klassik Azərbaycan ədəbiyyatının öncül simaları İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və başqalarının şeirləri də bu baxımdan diqqətəlayiqdir.

Nəsimi öz qəzəllərində “on səkkiz min aləm” ifadəsini xüsusi ədəbi və məna çalarları ilə işlətmişdir:

On səkiz min aləmə ayinə oldu surətin,

Çar ənasir surətində şəkli-insan göstərir.

Və ya:

Ki nişan içrə binişan mənəm uş,

On səkiz min cəhanə can mənəm uş.

Xətai isə “idim” rədifli məşhur qəzəlində aləmlərin varlığından bu cür söz açır:

On səkiz min aləmə mən gərdiş ilə gəlmişəm,

Ol səbəbdən həqq ilə sirdar idim, sərdar idim.

Bütün aləmlər vahid Allahındır

Aydın həqiqətdir ki, İslam dininin özünəqədərki bütün din və təlimlərdən əsas fərqi ciddi şəkildə təkallahlılığı təbliğ etməsidir. Həm Qurani-Kərimin müqəddəs ayələri, həm də Peyğəmbərimizin (s) mübarək kəlamları ilk növbədə insanları tək Allaha doğru yönəltməyə və şirkdən uzaqlaşdırmağa xidmət edir. Quranda heç bir mövzu vahid Allaha iman gətirmək qədər geniş işıqlandırılmayıb desək, səhv etmərik. Haqqında danışdığımız “əl-Həmdu lillahi Rəbbil-aləmin” ayəsi də diqqətimizi məhz bu məsələyə doğru yönəldir.

Keçmiş qövm və millətlərin tarixinə nəzər salsaq görərik ki, onların demək olar hamısında çoxallahlılıq əqidəsi hökmran olmuşdur. Qədim Misir, Babilistan, Yunan, Roma, İran və ərəb sivilizasiyalarında bütün təbiət hadisələrinə nəzarət tanrılar arasında bölüşdürülmüşdü. Belə ki, adətən bir-birinin qohumu sayılan və “tanrılar ailəsi”ni təşkil edən tanrıların hər biri müəyyən sahəni idarə edir və nəzarət altında saxlayırdı. Bu “kiçik” tanrılara dini istilahda “rəbbün-növ” (yəni spesifik tanrı) deyilir. Adətən, tanrılardan biri bu “ailə”yə başçılıq edir, onların nüfuz dairəsini müəyyənləşdirir, “ailə” üzvləri arasında baş verən narazılıqları yoluna qoyur, itaətdən boyun qaçıranları cəzalandırırdı.


Опубликовано:3 Октябрь, 2019, Просмотров:1551
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog