Русская версия  |  Əsas səhifə

“Fatihə” surəsinin təfsiri

On dördüncü hissə

(Əvvəli: http://az.islam.az/article/a-989.html; http://az.islam.az/article/a-992.html; http://az.islam.az/article/a-1007.html; http://az.islam.az/article/a-1011.html; http://az.islam.az/article/a-1012.html; http://az.islam.az/article/a-1020.html;http://az.islam.az/article/a-1028.html; http://az.islam.az/article/a-1049.html; http://az.islam.az/article/a-1050.html; http://az.islam.az/article/a-1051.html; http://az.islam.az/article/a-1055.html; http://az.islam.az/article/a-1056.html; http://az.islam.az/article/a-1063.htmlhttp://az.islam.az/article/a-1064.html)

3-cü ayə: “ər-Rəhmanir-Rəhim”

“Bismillahir-Rəhmanir-Rəhim” ayəsinin təfsirində “Rəhman” və “Rəhim” adlarının mənası və aralarındakı fərq barədə kifayət qədər məlumat vermişdik. Bu iki adın surədə bir daha təkrar edildiyini nəzərə alaraq, onları ayrı bir nöqteyi-nəzərdən təhlil etməyi məqsədəuyğun sayırıq.

Əvvəldə dediyimiz kimi, “Rəhman” və “Rəhim” adlarının hər biri Allah-Taalanın mərhəmətinin fərqli xüsusiyyətlərini bəyan edir. “Rəhman” – ilahi mərhəmətin həddən çox, “Rəhim” isə zaman baxımından qeyri-məhdud olduğunu göstərir. Həmçinin, “Rəhman” adı Allahın bu dünyada istisnasız olaraq hamıya, “Rəhim” adı isə axirətdə yalnız möminlərə mərhəmətli olduğundan xəbər verir. Görünür, Həzrət İmam Hüseyn (ə) “Ərəfə” duasında bu adların birinci (lüğəvi) mənalarını nəzərə alaraq buyururdu: “Ey dünya və axirətin Rəhmanı və bunların hər ikisinin Rəhimi!” (Məfatihül-cinan, səh. 269).

Allah-Taala Qurani-Kərimdə dəfələrlə Öz mərhəmətinin hüdudsuz olduğunu və bütün varlıq aləmini əhatə etdiyini təkrarlamışdır. Məsələn:

“Ərşi daşıyan mələklər və onun ətrafında olanlar öz Rəbbinə həmdlə təsbih söyləyib Ona inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: “Ey Rəbbimiz! Sənin rəhmətin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları cəhənnəm əzabından qoru!” (Ğafir, 7).

“Mərhəmətim hər şeyi ehtiva etmişdir...” (Əraf, 156).

“Ey mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmətindən ümidsiz olmayın! Allah bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayan və rəhm edəndir” (Zümər, 53).

Həmçinin, bir neçə ayədə buyurulur ki, Allah-Taala bəndələrə münasibətdə mərhəmətlə davranmağı Özünə öhdəlik götürmüşdür:

“De: “Göylərdə və yerlərdə olanlar kimindir?” De: “Allahındır!” O, rəhmli olmağı Öz-özünə yazmışdır. Olacağına heç bir şübhə edilməyən qiyamət gününə sizi O toplayacaqdır. Özlərinə zərər vuranlar, əlbəttə, iman gətirməzlər!” (Ənam, 12).

“Ayələrimizə iman gətirənlər yanına gəldikdə onlara de: “Sizə salam olsun! Rəbbiniz rəhmli olmağı Özü-özünə yazmışdır (bəndələrinə qarşı rəhmli olmağı əzəldən Özü üçün müəyyən etmişdir) ki, sizlərdən hər kəs pis iş görsə, sonra tövbə edib düzəlsə (Allah onun günahından keçər). Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!” (Ənam, 54).

Özü də bir halda ki, Allah heç kimdən asılı deyildir və heç kəsin qarşısında heç bir öhdəlik götürmək məcburiyyətində də qalmamışdır. Bu da Allahın mərhəmətinin sonsuzluğuna bir daha sübutdur ki, bəndələrin hesabını mərhəmət əsasında aparmağa qərar vermişdir.

Məsumlardan rəvayət edilən mötəbər hədislərdə də Allahın ölçüsüz mərhəməti vəsf olunmuşdur. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurur:

“Allahın yüz pay mərhəməti vardır. Onun cəmi bircə payını yerə göndərdi və məxluqat arasında bölüşdürdü. İnsanlar arasında mövcud olan bütün mehribanlıq və səmimiyyət həmin paydan yaranıb. Qalan doxsan doqquz pay mərhəməti isə Allah Özü üçün saxladı ki, qiyamət günündə Öz bəndələrini onunla mükafatlandırsın” (Təfsiri-nümunə, 1-ci cild, səh. 24).

Yenə Peyğəmbərimiz (s) buyurur:

“Allah hər nə yaratdısa, onun qarşısını ala biləcək bir şey də yaratdı. O, Öz qəzəbini yatırmaq üçün rəhmətini xəlq etdi” (Məhəmməd Reyşəhri. Mizanül-hikmə, 2-ci cild, səh. 1049).

Mömin insan Allahın sonsuz mərhəmətlilik sifəti ilə tanış olduqdan sonra özündə də buna oxşar sifət formalaşdırmağa çalışar. Məşhur hədisdir ki, “özünüzü Allahın əxlaqı (gözəl sifətləri) ilə əxlaqlandırın (tərbiyə edin)”. Beləliklə, “Fatihə” surəsinin bu ayəsi insanları bir-biri ilə mehriban davranmağa, böyüyə hörmət, kiçiyə mərhəmət göstərməyə, insanpərvər və humanist olmağa çağırır.

Allahın son Elçisi (s) buyurmuşdur: “Allah mərhəmətlidir və mərhəmətli şəxsi sevir. Onun mərhəməti bütün rəhmlilərin mərhəmətini kölgədə qoyur” (Mizanül-hikmə, 2-ci cild, səh. 1044).

 

(ardı var)

Опубликовано:15 Ноябрь, 2019, Просмотров:1430
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog