Русская версия  |  Əsas səhifə

İslam mənbələrində dünya obrazı

Məşhur ədib və filoloq Rağib İsfahani “əl-Müfrədat fi ğəribil-Quran” əsərində “dünya” sözü barədə bəhs açaraq qeyd edir ki, Qurani-Kərimdə bu kökdən olan sözlər “az, kiçik, alçaq” mənalarını verir.

Məsələn, “Mücadələ” surəsinin 7-ci ayəsində “ədna” sözü “az” mənasında, “Səcdə” surəsinin 21-ci ayəsində eyni söz “kiçik” mənasında, “Bəqərə” surəsinin 61-ci ayəsində isə həmin söz “alçaq, pis” mənasında işlədilib. “Nəcm” surəsinin 8-ci və 9-cu ayələrində də Peyğəmbərin (s) meracından danışılarkən, meracda Peyğəmbəri (s) müşayiət edən mələk Cəbrailin (ə) o həzrətə yaxınlaşması “dəna” feli ilə, onların ikisinin arasındakı məsafə isə “ədna”, yəni “daha yaxın” sözü ilə ifadə edilib. Maraqlıdır ki, Ənfal surəsinin 42-ci ayəsində işlənmiş “dünya” sözü də “yaxın” mənasını əks etdirir: “O zaman siz vadinin ən yaxın tərəfində, onlar isə ən uzaq tərəfində idilər”. Bu ayədə Bədr savaşı günündə döyüşən tərəflərin tutduqları mövqe təsvir edilib. Bədr savaşında müsəlmanlar vadinin Mədinəyə ən yaxın hissəsində, müşriklər isə ən uzaq nöqtədə qərar tutmuşdular.

Həmçinin, mənbələrdə “dünya” sözünün kökü barədə iki nəzəriyyə təqdim edilib: “Əgər bu sözün “dənaət” kökündən qaynaqlandığını qəbul etsək, mənası “daha alçaq, daha əskik” olar. Əgər “dünüvv” kökündən götürüldüyünü qəbul etsək, mənası “daha yaxın” olacaq... Dünya həyatına bu adın verilməsinin səbəbi ya bundadır ki, axirət həyatına nisbətən daha alçaq və daha dəyərsizdir. Ya da səbəb bundadır ki, bu həyat (dünya həyatı) bizə axirət həyatından daha yaxındır” (S.M.Dəşti. “Məarif və məariyf”, 5-ci cild, səh. 453).

Bəzi klassik ədəbiyyat nümunələrində “dünya” sözünün məhz “alçaq, əskik” mənasını verən “dəni” kəlməsindən kök aldığı ifadə edilir. Şairlər bu iki sözün yazılışının yalnız bircə hərflə fərqləndiyini qabardaraq, çox uğurlu ədəbi sənət əsərləri yaratmışlar. Dahi şairimiz Nəsimi yazırdı:

Əsli dənidir dünyanın, zatında yoxdur bir “əlif”,

Tərkibinə gəl bax onun, şol “ya”vü “nun”ü “dal”ına...

Həzrət İmam Əli ibn Əbutalib əleyhissalam bu barədə buyurub:

“Dünyanı ona görə “dünya” adlandırıblar ki, o, hər şeydən daha alçaqdır” (Mizanül-hikmə, 2-ci cild, səh. 890, 5739-cu hədis).

Qurani-Kərimin mətnində “dünya” sözü 115 dəfə təkrar edilib ki, bu da “axirət” sözünün işlənmə sayına bərabərdir (S.M.Ruhani. Əl-Möcəmül-ihsai li-əlfazil-Quranil-Kərim, 2-ci cild, səh. 11 və 732). Bu faktı Quranın riyazi möcüzələrindən biri kimi də qəbul edə bilərik. Ümumiyyətlə, Quranda oxşar və ya fərqli məna verən sözlərin eyni sayda işləndiyinin dəfələrlə şahidi oluruq. Məsələn, Quranda “həyat” və “movt” (ölüm) sözlərinin hər biri 145 dəfə, “nəf” (fayda) və “fəsad” (ziyan) kəlmələrinin hər biri 50 dəfə, “mələk” və “şeytan” sözləri (onlarla eyni kökdən olan kəlmələrlə birlikdə) 88 dəfə, “səbr” və “şiddət” (sıxıntı) kəlmələrinin hər biri 102 dəfə, “cənnət” və “cəhənnəm” kəlmələri 77 dəfə, “müsibət” və “şükür” sözlərinin hər biri 75 dəfə işlənib.

Quran ayələrində və İslam müqəddəslərinin hədislərində, alimlərin kəlamlarında, şairlərin şeirlərində dünya müxtəlif sifətlərdə və şəkillərdə təcəssüm etdirilib. Dünyanı oyun-oyuncağa, yağışa, kölgəyə, ilana, bəzəkli qadına, dəryaya və sairəyə bənzətmişlər. Bunların hər birinin səbəbləri vardır. Quran ayələrində dünyanın oyun-oyuncaq və əyləncəyə bənzədilməsi barədə məqalələrin birində məlumat vermişdik. (bax: http://az.islam.az/article/a-342.html). Bu bənzətmələrin daha bir neçəsi ilə də tanış olaq.

Dünya dərya kimidir

Dini mətnlərdə dünyanın bənzədildiyi obrazlardan biri dəryadır (dənizdir):

“Dünya şor dəniz suyu kimidir. Hər kim ondan içməklə təşnəliyini söndürmək istəsə, yanğısı daha da artar və axirda həlak olar” (hədis İmam Cəfər Sadiq əleyhissalamdandır; əl-Kafi, 2-ci cild, səh. 136, “İman və küfr” kitabı, “Dünyanın bəyənilməməsi və dünyada zahidlik” babı, 24-cü hədis).

Hədislərdən məlumdur ki, hikmətli kəlamları ilə məşhur olan va hətta peyğəmbər olması ehtimal edilən Həzrət Loğman oğluna xitabən söyləmişdi:

“Oğlum! Dünya dərin bir dəryadır. Çox adamlar onun qoynunda qərq olub. Qoy bu dəryada sənin gəmin – Allahdan qorxmaq, yükün – iman, yelkənin – təvəkkül, rəhbərin (kapitanın) – ağıl, bələdçin – elm, sükanın isə səbr olsun” (əl-Kafi, 1-ci cild, səh. 16; “Əql və cəhl” kitabı, 12-ci hədis).

Oxşar rəvayətə “Məcməül-bəyan” təfsirində də rast gəlirik:

“Oğlum! Dünya dərin bir dəryadır. Çox adamlar onun qoynunda həlak olub. Allaha imanı özün üçün gəmi, Allaha təvəkkülü – yelkən, Allahdan qorxmağı isı yük (azuqə) et. Əgər bu dəryadan nicat tapsan, bil ki, bu, Allahın mərhəmətindəndir. Əgər həlak olsan, bil ki, öz günahlarının ucbatındandır” (Fəzl ibn Həsən Təbrisi. Məcməül-bəyan, 8-ci cild, səh. 91).

Bu hədislərin mənası budur ki, hər kəs dünya nemətlərinı toplamağa aludə olsa, əldə etdikləri ilə kifayətlənməz. Yerin altı və üstü sərvətlə dolu olduğu üçün insan nə qədər var-dövlət toplasa da gözü doymaz. Hər zaman bundan daha artığını qazanmağa can atar. Bununla da sonsuz arzu və ehtirasların girdabında boğular.

(ardı var)

Опубликовано:9 Декабрь, 2016, Просмотров:1717
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2017 All right reserved www.islam.az waplog