Русская версия  |  Əsas səhifə

Məzhəblərarasi dostluq və anlaşmaya necə nail olmalı?

(ikinci hissə)

Əvvəli: http://az.islam.az/article/a-858.html

6. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan əsərlərdə, moizə və xütbələrdə, ümumiyyətlə, dini təbliğatda qarşıdurma yaradan, köhnə düşmənçilikləri qızışdıran faktları ortaya qoymaq məqsədəuyğun deyil. Bu mövzular dini həssaslıq daşıyır, məzhəblərin bir-birinə qarşı münasibətini mənfi məcraya yönəldir. Bir qayda olaraq bu cür mövzuları qabartmamaq, sual verən şəxslərə də bu məsələlərə vaxt itirməkdənsə, daha lazımi və faydalı mövzularla maraqlanmağı məsləhət görmək lazımdır.

7. Daha bir mühüm məsələ dini ədəbiyyatla bağlıdır. Ölkəyə xaricdən gətirilən dini ədəbiyyatı həmişə nəzarət altında saxlamaq lazımdır. Bir neçə il bundan əvvəl Azərbaycana Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanından gətirilmiş bəzi vəhhabi kitablarında, İrandan daxil olmuş bəzi şiə ədəbiyyatında məzhəbi zəmində qarşıdurma yarada biləcək məsələlərə rast gəlmək olurdu. Son illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən nəzarətin güclənməsi sayəsində bu cür ədəbiyyatların ölkəyə ayaq açmasının qarşısı xeyli dərəcədə alınmışdır. Lakin vəziyyəti tam qənaətbəxş hesab etmək də olmaz.

8. İnsanlara başa salmaq lazımdır ki, məzhəblərin dialoqu heç də onların hamısının və ya bəzilərinin aradan qaldırılması və ya o birilərə tabe etdirilməsi demək deyil. Bəzi cahil şəxslərin təsəvvür etdiyi kimi məzhəbləri ləğv etmək və hamını ümumi bir əqidəyə tabe etdirmək qeyri-mümkün işdir. İstər 4 sünni məzhəbi, istərsə də cəfəri və zeydi məzhəbləri uzun əsrlik formalaşma və inkişaf dövrü keçmişlər. Vəhdət və yaxınlıq hər şeydən öncə qarşılıqlı anlaşma, bir-birini tanıma, bir-birinin əqidəsinə hörmət bəsləmə, ortaq nöqtələrin və işbirliyi istiqamətlərinin müəyyən edilməsi deməkdir.

XX əsrin 50-60-cı illərində əl-Əzhər Universitetinə başçılıq etmiş, həm də məzhəblərarası yaxınlaşma hərəkatının liderlərindən olmuş mərhum Şeyx Mahmud Şəltut xatırlayırdı ki, bəzi sünnilər “Dar əl-təqrib”in (Məzhəblərarası Yaxınlaşma Təkilatının) onları şiələşdirmək istədiyini sanır, bəzi şiələr isə onları sünniləşdirməyə çalışdığını düşünürdülər. Buna görə də təşkilatın fəaliyyəti qarşısında müxtəlif maneələr yaradırdılar.

Vəhdət hərəkatının görkəmli şəxsiyyətlərindən olmuş Şeyx Məhəmməd Təqi Qumi məzhəblərin müştərək cəhətləri barədə belə deyirdi: “Əgər şiə və sünni məzhəblərinin adının kökünə diqqət yetirsək, görərik ki, elə bütün müsəlmanlar şiədirlər; çünki onların hamısı Peyğəmbərin (s) nəslini sevir. Eyni zamanda, həm də hamı sünnidir. Çünki müsəlmanların hamısı Peyğəmbərin (s) sünnəsini izləməyi lazım bilir. Beləliklə, biz hamımız sünni, şiə, qurani və Məhəmmədiyik (s)”.

9. Vəhdət uğrunda çalışmalarda tarixi təcrübə mütləq nəzərə alınmalı, müsbət addımlar diqqətlə araşdırılmalıdır. Bunlardan birini nümunə kimi qeyd edirik:

Mərhum Mirzayi-Şirazinin zamanında İraqın Samirə şəhərində Ramazan bayramının nə vaxt qeyd edilməsi barədə fikir ayrılığı yaranır. Şəhərin şiə əhalisi səmada Ayın görünmədiyini söyləyib ertəsi günün bayram olmadığını bildirirlər. Lakin şəhərin sünni əhalisindən bir neçəsi Ayı gördüyünü iddia edir. Mirzayi-Şirazi bunu eşidən kimi tapşırır ki, Ayı gördüyünü soyləyən əhli-sünnə mənsublarını onun yanına çağırsınlar ki, şahidliklərini eşidib dəyərləndirsin. Çünki şiə fiqhinə əsasən insan özü Ayı görməzsə, iki nəfər ədalətli şəxs Ayı gördüyünə şəhadət versə, həmin adam üçün subüt sayılar. Şahidlər gəlib Mirzənin qarşısında şəhadət verirlər. Alim onların ifadəsini dinləyəndən sonra sabah bayram edilməsinə fətva verir.

10. Vəhdət və məzhəblərarası yaxınlaşma prosesi yuxarıda dedikiərimizdən əlavə həm də səbir tələb edir. Bu prosesin çox qısa müddət ərzində tam müsbət nəticələr verəcəyini gözləmək sadəlövhlük olardı. Hər bir maneə addım-addım aradan qaldırılacaq. Çünki beyinlərdəki yanlış təsəvvürləri islah etmək çox çətin və üzücü bir prosesdir. Lakin məqsədyönlü addımlarla bu prosesi xeyli sürətləndirmək mümkündür.

Опубликовано:16 Декабрь, 2016, Просмотров:1513
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2017 All right reserved www.islam.az waplog