Русская версия  |  Əsas səhifə

Dünya zəhərli ilana bənzəyir

(Əvvəli: http://az.islam.az/article/a-857.html)

İslam müqəddəslərindən rəvayət edilən bəzi hədislərdə dünya ilana bənzədilir. Bu bənzətmə mənasız deyil. İlanda bəzi xüsusiyyətlər var ki, bunların hər birini dünyada da müşahidə etmək olar. İlan adətən rəng baxımından torpaqdan seçilmir.

İnsan çox vaxt torpağın üzərindəki ilanı görmədiyi üçün ayağı ilə onu basır və nəticədə bu qorxulu heyvanın öldürücü zəhərinə tuş gəlir. Dünya da heç insanın gözləmədiyi istiqamətlərdən onu “çalır”. Tarixdə çox insanlar olub ki, illər uzunu ehtiyat və təqva ilə yaşadıqları halda, özləri də bilmədən dünya nemətlərinin toruna düşmüş və imanlarını itirmişlər.

Dünyanın pusquda duran ilan kimi çalması barədə rəva¬yətlər çoxdur. İmam Cəfər Sadiq əleyhissalam bunu nəzərdə tutaraq buyururdu:

“Dünya ilana bənzəyir; toxunanda yumşaq görünür, amma içində öldürücü zəhər gizlənib. Ağıllı insanlar ondan uzaq qaçarlar, dərrakəsiz uşaqlar isə əllərini ona doğru uzadarlar” (əl-Kafi, 2-ci cild, səh. 136).

Oxşar məzmunlu hədis Həzrət Əli əleyhissalamdan da nəql olunub:

“Dünya ilan kimidir; ona sığal çəkmək xoşdur, amma daxilində olümcül zəhər gizlənib. Məğrur və cahil adam dünyaya sarı can atar, ağıllı va huşyar adam ondan uzaq qaçar” (Nəhcül-bəlağə, 115-ci hikmətli kəlam).

İlanın daha bir xüsusiyyəti onun zəhəri ilə bağlıdır. İlan zəhəri nə qədər təhlükəli və oldürucü olsa da, ağılla və düşünülmüş şəkildə istifadə etdikdə nəinki ziyan vermir, hətta bəzi sağalmaz dərdlərə əlac edir. İlan zəhəri qəflətən və lazım olduğundan artıq miqdarda insanın bədəninə daxil olanda ziyan gətirir. Ondan düşünülmüş şəkildə və emal olunmuş vəziyyətdə istifadə edəndə isə yalnız xeyrə səbəb olur. Dünya da belədir. Hər kim dünyanın əsil sifətini, yaxşı və pis xüsusiyyətlərini tanımırsa və onun hiylələrinə hazır deyilsə, asanlıqla toruna düşür. Amma hər kim dünya nemətlərindən lazım olduğu miqdarda və lazım olduğu şəkildə faydalana bilirsə, dünya nəinki ona ziyan yetirmir, əksinə, axirət səadəti qazanması üçün ona vəsilə olur.

Dünya və kölgə oxşarlığı

Bəzən dini mətnlərdə dünyanın kölgəyə bənzədilməsi ilə də rastlaşırıq. Məsələn, İmam Mühəmməd Baqir əleyhissalama aid edilən bir hədisdə buyurulur:

“Alimlərin gözündə dünya kölgə kimidir” (Biharül-ənvar, 70-ci cild, səh. 126). Burada kölgə – həqiqəti olmayan bir görüntü, real bir əşyanın əksi mənasını verir. Bunu söyləməklə müqəddəslərimiz dünya həyatının insan üçün əsas amil olmadığını, yalnız və yalnız axirətdən ötrü keçid yeri və savab qazanmaq məkanı olduğunu diqqətə çatdırmaq istəmişlər. Dünya axirətin sönük xəyalından, kölgəsindən başqa bir şey deyil. Əsil məqsəd axirətdir, dünya isə bunun üçün bir vasitədir.

İmam Əli ibn Əbutalib əleyhissalam bu təsvir vasitəsini daha obrazlı və bədii şəkildə ifadə edib:

“Dünya sənin öz kölgən kimidir. Əgər yerində dursan, о da duracaq. Əgər ona tərəf getsən, о da hərəkətə gəlib səndən uzaqlaşacaq” (Ğürərül-hikəm, 9818-ci hikmət).

Həzrət Əli əleyhissalamın digər hədislərində də bu fikir davam etdirilir. Yəni insan dunyaya hansı münasibəti bəsləsə, dünya da ona uyğun münasibətlə cavab verər. Bu hədislərdə dünya sanki canlı bir varlıq kimi təsvir olunur; ondan mənfəət umanlara xeyir verməyə tələsmir, onu düzgün tanıyanlara isə ibrət verir:

“Nə deyim bir evin barəsində ki, əvvəli çətinlik, sonu məhv olmaqdır; halalının hesabı, haramının cəzası vardır! Kim bu dünyada varlansa, çətinliyə düşər. Kim kasıblasa, dərdə düçar olar. Kim dünyanı ələ keçirmək istəsə, dünya onun əlindən çıxar. Kim dünyadan üz çevirsə, dünya ona tərəf gələr. Kim dünyaya ibrətlə baxsa, dünya ona nəsihət verər. Kim dünyaya məhəbbətlə baxsa, dünya onun gözünü kor edər” (Nəhcül-bəlağə, 81-ci xütbədən).

Dünyanın kölgəyə bənzədilməsinin bir səbəbi də kölgədə olan bu xüsusiyyətlə bağlıdır: Bildiyimiz kimi kölgə dəyişəndir. Gün ərzində səmada Günəşin vəziyyətindən asılı olaraq, kölgənin ölçüsü da dəyişir. Kölgə gah uzanır, gah qısalır, axşam olub Günəş batandan sonra isə tamamilə yox olur. Dünya da öz eniş-yoxuşları, acılı-şirinli günləri ilə insanı daim qayğı içində saxlayır. Kölgə bəzi saatlarda böyüdüyü kimi, dünya da bəzən insanın üzünə gülür və nemətlərini bol edir. Əksinə, günün müəyyən vaxtlarında kölgə qısaldığı kimi, bəzən dünya da insanı çətinliyə salır va dərdə düçar edir. Nəhayət, omrün qürub çaği yetişəndə, həyat Günəşi batanda insan bu dünyadan koçür.

Həzrət İmam Əli ibn Əbutalib əleyhissalama aid edilən “Divani-Əmirəlmöminin”də yazılıb (1125-1126-ci beytlər; şeirin ərəbcədən sətri tərcüməsini veririk):

Dünya itib yox alan kölgəyə bənzəyir.

Və ya gecə köç salıb qalan, səhər isə çıxıb-gedən qonaq kimidir.

Yaxud yatmış adamın gördüyü yuxunu xatırladır.

Ya da sanki arzu üfüqlərində çaxan şimşəkdir.

(ardı var)

Опубликовано:22 Декабрь, 2016, Просмотров:2134
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2017 All right reserved www.islam.az waplog