Русская версия  |  Əsas səhifə

Muhəmməd peyğəmbərin (s) siması Bibliyada

“Məryəmin oğlu İsa dedi: “Ey Bəni-İsrail, mən Allahın sizə göndərdiyi peyğəmbərəm. Məndən öncəki Tövratı təsdiqləyirəm və məndən sonra gələcək Əhməd adlı peyğəmbərlə sizi müjdələyirəm” (Saff, 6).

***

“Öncə göndərilmiş hər peyğəmbər özündən sonrakını adı ilə tanıtdırmış, sonra gələn peyğəmbər isə özündən əvvəlkini xatırlatmışdır” (İmam Əli (ə), “Nəhc əl-bəlağə”, “İbtida” xütbəsindən).

***

“Onun (yəni Həzrət Muhəmmədin (s)) xüsusiyyətləri elm əhlinə gizli deyildi. Peyğəmbərlər onun barəsində öz kitablarında müjdə vermişdilər. Alimlər onun tərifində sözlər söyləmişdilər. Filosoflar onun sifətləri barədə fikirlər irəli sürmüşdülər” (İmam Cəfər Sadiq, Üsuli-Kafi, “Hüccət” kitabı, “Peyğəmbərin doğumu və vəfatı” babı, 17-ci hədisdən).

***

Yəhudi və xristian rahiblər Bibliyaya hər nə qədər “əl gəzdirib”, mətnini istədikləri kimi dəyişdirsələr də, yenə orada Həzrət Muhəmməd Peyğəmbər (s) haqqında xeyli işarə qalmışdır...

TÖVRAT

Tövratın “Təsniyə” kitabının 18-ci fəslində Allah Həzrət Musaya (ə) belə müraciət edir:

“Mən onlara (İsrail övladlarına) qardaşları arasından sənə (yəni Musaya) bənzər bir peyğəmbər təyin edəcəyəm; mən öz sözlərimi onun dili ilə deyəcəyəm; o, yalnız mənim ona əmr etdiyim sözləri onlara deyəcək” (Təsniyə kitabı, 18-ci fəsil, 18-ci cümlə).

Bəzi Bibliya şərhçiləri burada “Musaya bənzər” adlandırılan şəxsin Həzrət İsa Məsih (ə) olduğunu əsaslandırmağa çalışırlar. Lakin haqqında danışılan şəxs İslam Peyğəmbəridir. Məlumdur ki, Həzrət Muhəmmədin (s) mənsub olduğu ərəb milləti İbrahim Peyğəmbərin (ə) oğlu İsmailin (ə) nəslindən törəyib. Bəni-İsrail isə İbrahimin (ə) digər oğlu İshaqın (ə) oğlu Yəqubun (ə) nəslindən ibarətdir. Demək, ərəblər və Bəni-İsrail mənşə etibarilə iki qardaşın törəmələri sayılırlar. Allah Həzrət Musaya (ə) xəbər verir ki, Bəni-İsrail üçün onların qardaşları arasından bir peyğəmbər seçəcək. Deməli, bu peyğəmbər ərəblərdən olmalıdır. Özü də elə bir peyğəmbər olmalıdır ki, missiyası yalnız bir milləti deyil, bir çox millətləri əhatə etməli və Bəni-İsrail də ona tabe olmalıdır.

Bibliyadakı: “Mən öz sözdərimi onun dili ilə deyəcəyəm; o, yalnız mənim ona əmr etdiyim sözləri onlara deyəcək”, - cümlələri Qurani-kərimin məşhur bir ayəsinin eynidir. Quranın “Nəcm” surəsinin 3-4-cü ayələrində Allah-Təala Həzrət Muhəmməd Peyğəmbər (s) barəsində buyurur: “O, heç vaxt öz həvavü-həvəsi ilə söz deməz. Onun dediyi yalnız vəhydir”.

“Təsniyə” kitabının 33-cü fəslində Həzrət Musa Peyğəmbərin (ə) vəsiyyəti xatırlanır: “Bu, Allah adamı Musanın ölümqabağı İsrail övladlarına verdiyi xeyir-duadır. O dedi: “Rəbb Seynadan gəldi, onlara Sairdən göründü, Faran dağından təcəlla etdi və on min nəfər müqəddəslə gəldi; onların sağ əlində Onun qanun məşəli var idi” (Təsniyə kitabı, 33-cü fəsil, 1-2-ci cümlələr).

Musanın (ə) vəsiyyətində üç məkan adı çəkilir: Seyna, Sair və Faran dağı. Seyna – Həzrət Musanın (ə) özünə vəhyin gəldiyi dağın adıdır. Musaya (ə) bu dağda Tövrat nazil edilmişdi. Sair - İsa Məsih Peyğəmbərin (ə) vəhy aldığı yerin adıdır. Bəs, Faran dağı harada yerləşir?

Faran dağının yeri barədə dəqiq məlumat almaq üçün yenə Tövratın mətninə müraciət edirik. Bibliyanın “Təkvin” kitabında Həzrət İbrahim (ə) tərəfindən həyat yoldaşı Hacərlə körpə İsmailin (ə) səhraya atılması təsvir edilir. Həmin hadisənin sonunda belə deyilir:

“Və Allah yeniyetmə İsmail ilə idi; o böyüdü, səhrada yaşamağa başladı və oxatan oldu. O, Faran səhrasında yaşadı; anası onun üçün Misir torpağından arvad aldı” (Təkvin kitabı, 21-ci fəsil, 20-21-ci cümlələr).

Həzrət İbrahim (ə) Hacərlə İsmaili (ə) indiki Məkkə ətrafındakı səhrada azdırmışdı. On dörd əsrdir ki, hacılar Məkkə ətrafındakı Mərvə və Səfa təpələri arasında yeddi dəfə qaçaraq, susuz İsmail (ə) üçün su axtarmaq məqsədilə vurnuxan Hacərin hərəkətlərini təkrar edirlər. Həmin gün Allahın mərhəməti sayəsində körpə İsmailin (ə) ayağı altından Zəmzəm bulağı çağladı. Deməli, Bibliyada adı çəkilmiş Faran səhrası Məkkə ətrafındakı ərazidən başqa bir şey deyil. Elə isə, Faran dağının da Həra dağı ilə eyni olması şübhəsizdir. Beləliklə, aydın oldu ki, Rəbbin Faran dağından təcəlla etməsi - Həra mağarasında Həzrət Muhəmməd Peyğəmbərə (ə) vəhy nazil olmasıdır.

Musanın (ə) vəsiyyətinin ikinci hissəsində xəbər verilir ki, Rəbb 10000 nəfər müqəddəslə Farana gələcək. Hicrətin 8-ci ilində həqiqətən bu hadisə baş verdi: Həzrət Muhəmməd Peyğəmbər (s) 10000 nəfərlik qoşunla hərəkət edib Məkkə şəhərini tutdu. Musa (ə) özündən əsrlərlə sonra baş verəcək hadisələri peyğəmbərlik zəkası ilə irəlicədən görərək üstüörtülü şəkildə xəbər verirdi. Allahın 10000 nəfərlə Məkkəyə girəcəyi barədə xəbəri həqiqi deyil, məcazi mənada qəbul etməliyik. Müsəlmanlar tərəfindən Məkkənin fəthi zamanı şəhərə Allahın özü deyil, Onun varlığına inam və məhəbbətlə dolu insanlar daxil oldular. Məkkəni fəth edənlərin hər biri öz qəlbində Allahı gətirdi. Həmin əlamətdar hadisədən sonra bütpərəstlərin müqaviməti qırıldı və Allahın “od saçan qanunu” – İslam bütün Ərəbistana hakim oldu.

Qeyd edək ki, həm keçmiş, həm də müasir müsəlman alimləri Həzrət Muhəmməd peyğəmbərin (s) sonuncu ülul-üzm səma elçisi olduğunu isbat edərkən, Tövratın yuxarıda xatırlanan müjdələrindən faydalanmışlar. Məsələn, Nəsirəddin Tusi (1201-1274) “Nəqd əl-mühəssəl” kitabında bu mövzuya toxunmuşdur.

Burada mötəbər dualarımızdan birinin cümlələrini xatırlatmaq yerinə düşər. İmam Muhəmməd Baqir (ə) və İmam Cəfər Sadiqdən (ə) rəvayət edilən “Simat” duasında buyurulur: “İlahi, Seyna dağında zahir olmuş, bəndən və rəsulun Musa ibn İmranla (ə) danışdığın böyüklüyünə xatir! Sairdəki görüntünə (təcəllana) xatir! Faran dağındakı zühuruna xatir!..” Görünür, imamlar bu duada “Məkkə” deyil, “Faran” kəlməsini işlətməklə müsəlmanların diqqətini Tövrata doğru yönəltmək və keçmiş peyğəmbərlərin müjdəsi ilə onları tanış etmək istəmişlər.

Опубликовано:26 Декабрь, 2016, Просмотров:2505
Последние комментарии : 1
Автор: vasif | 27 Декабрь, 2016 18:47
# Ответить
+4


]]>]]>

Qəzəl. . Olsun mənə yoldaş kim əgər Haqqa bələddir, Çün Haqqa bələd nabələdin zülmünə səddir. . Bir kəsdə ki, ancaq ola iman, ola təqva, Neylər bu cahan mülkünü ? Cənnət ona vəddir. . Mə'sum olan on dörd nəfərin nuruna hətta, On dörd gecəlik ay və günəş hüsnü həsəddir. . Bir şükr eləyən bəxtsizə bədbaxt demə əsla! Bədbaxt o adamdır ki, onun niyyəti bəddir. . Haqdan dönən ölmün danır, həddin aşır amma, Dərk etməyir ölmün özü hədsizliyə həddir. . Eşq anlamayan kəs, sənə Haqq vermədi sevda, Eşqsiz ürəyin daş, dəxi cisminsə cəsəddir. . Haqqın yazan haqqında məhəbbət dolu misra, Haqqın qulu, Haqqın tanıyan Vasif Əsəddir. . Vasif Əsəd.
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2017 All right reserved www.islam.az waplog