Русская версия  |  Əsas səhifə

İslam mənbələrində dünya obrazı

(üçüncü hissə)

(Əvvəli: http://az.islam.az/article/a-857.html; http://az.islam.az/article/a-860.html)

İşvəkar qadın

İstər İslam müqəddəslərinin hədislərində, istərsə də irfani-didaktik əsərlərdə dünya çox zaman qadın sifətində təcəssüm etdirilir. Bu, bəzən gözəl və yaraşıqlı gəlin, bəzən isə qarımış qoca qadındır. Hər iki obraz kişiləri (yəni ümumilikdə insanları) öz cilvələri ilə yoldan çixarıb, özünə valeh və aşiq edir. Amma axırda hamının muradını gözündə qoyur, vüsalını heç kimə qismət etmir. Dünyaya aşiq olanlar öz istəklərinə yetmədən, elə onun əlində həlak olurlar. Buna görə də bir çox mənbələrdə dünya gərdəkdə öz ərini öldürən qadın sifətində şəkilləndirilir.

“Divani-Əmirəlmöminin”dəki şeirlərin birində deyilir (33-35-ci beytlər):

Dünyaya üç dəfə talaq ver va başqa qadın al,

Çünki o, pis qadındır və öz ərlərindən çəkinib-qorxmur.

Öz istəyinə çatandan sonra ərinə arxa çevirib gedir.

İrfan ədəbiyyatının ən böyük simalarından olan Hafiz Şirazi qəzəllərinin birində deyir (tərcüməsi):

Dünya gözəl çöhrəli bir gəlindir, amma

Ona bağlanan kəs öz ömrünü kəbinpulu kimi verməli olur.

İmam Kazim əleyhissalamın dilindən rəvayət edilən bir hədisdə buyurulur:

“Dünya alagözlü qadın sifətində Həzrət İsa Məsih əleyhissalamın gözünə göründü. Həzrət ondan soruşdu: “Neçə dəfə ərə getmisən?” Dünya cavab verdi: “Çох”. Məsih soruşdu: “Bütün ərlərin sənə talaq veribmi?” Dünya cavab verdi: “Xeyr, mən onların hamısını öldürmüşəm”. İsa əleyhissalam heyrət içində buyurdu: “Vay olsun indiki ərlərinin halına! Əvvəlkilərin aqibətindən niyə ibrət götürmürlər?” (İbn Şöbə Hərrani. Tühəfül-üqul, səh. 418).

Müxtəlif hədislərdə həm Həzrət Mühəmməd Peyğəmbər salavatullahın, həm də İmam Əli əleyhissalamın dünyaya üç dəfə talaq verməsi söylənilir. Məsələn, Əli əleyhissalam özü bu barədə belə buyurmuşdur:

“Mən dünyaya üç dəfə talaq vermişəm, qayıtmağıma imkan yoxdur” (Ğürərül-hikəm, 3782-ci hikmət). İslam şəriətinə görə, ər öz həyat yoldaşına üç dəfə talaq verərsə, onların arasında kəbin tam pozulmuş olur. Əgər bir və ya iki dəfə talaq verildikdən sonra kişinin öz arvadının yanına qayıtmaq şansı olursa, üç talaqdan sonra bu imkan aradan qalxır. Yalnız qadın başqa bir kişiyə ərə gedib, sonra ondan boşandıqdan sonra birinci əri ilə nikahını təzələyə bilər.

Müqəddəslərin dünyaya üç dəfə talaq vermələri da onların dünyadan birdəfəlik üz çevirmələri və aralarındakı rabitəni həmişəlik qırmaları mənasına gəlir.

Deyilənlərə görə, məşhur fəqihlərdən biri qocalanda deyib: “Nikah əhkamına aid qalın-qalın kitabları oxuyandan sonra bunu başa düşdüm ki, iki bacı ilə eyni zamanda evlənmək olmaz. Mütləq bacıların birini boşamaq lazımdır ki, о birini almaq mümkün olsun. Dünya ilə axirət də ekiz bacılardır. Dünya həvəsi ilə yaşayan axirəti əldə edə bilməz. Axirət eşqini ürəyində gəzdirən də dünyaya bağlana bilməz. Talaq haqqındakı kitablardan isə bunu anladım ki, Həzrət Mühəmməd Peyğəmbər salavatullahın həyat yoldaşları müsəlmanların anası kimidir; buna görə də onlar müsəlmanlara həmişəlik haramdırlar. İstər о qadınlara Peyğəmbər talaq vermiş olsun, istərsə də Peyğəmbər vəfat etdikdən sonra о qadınlar dul qalmış olsunlar – hər bir halda onlarla evlənmək bizə qadağan olunub. Peyğəmbər dünyaya üç dəfə talaq verib boşayıb. Deməli, dünya bizlərə həmişəlik haramdır” (Seyyid Əhməd Behişti Şirazi. Şərhi-cünun (Hafiz Şirazi divanının şərhi), 1-ci cild, səh. 532-533).

Sonuncu məsələyə bir qədər fərqli şəkildə Həzrət Əli eləyhissalam da hədislərinin birində toxunmuşdur. О həzrət buyurur:

“Dünya ilə axirət bir kişinin iki arvadı kimidir; onlardan birini razı salsa, о birini incitmiş olar” (Ğürərül-hikəm, 3531-ci hikmət).

Digər bənzətmələr

Hədis və rəvayətlərdə dünyanın yuxarıda göstərilənlərdən əlavə, fərqli obrazları ilə də rastlaşırıq. Məsələn, Həzrət İsa Məsih əleyhissalamın öz həvarilərinə belə buyurduğu rəvayət olunur: “Dünya korpüdür; onun üstündən keçin, amma onu təmir etməyin” (Şeyx Səduq. Əl-Xisal, səh. 64, 95-ci hədis).

İmam Zeynülabidin əleyhissalamın bir hədisində dünya tərəzi gözü kimi təqdim olunur: “Vallahi, dünya və axirət tərəzinin iki gözündən başqa bir şey deyil. Bunların hansı biri ağır gəlsə, о biri yüngül olar”.

İmam Əli Nəqi əleyhissalama mənsub olan bir hədisdə isə dünya bazar kimi təsvir edilir: “Dünya bir bazardır ki, bəziləri mənfəət əldə edir, bəziləri isə ziyana düşürlər” (İbn Şöbə Hərrani. Tühəfül-üqul, səh. 483). Aydındır ki, bu bazarda xeyir qazanan - Allahın buyurduğu kimi ömür sürüb, dünyadan yalnız ehtiyacı qədər faydalanan və о biri aləmə alnıaçıq, üzüağ gedən adamdır. Ziyan çəkən isə axirəti unudub, fəqət bu dünya ilə yaşayan şəxsdir. Amma insanların çoxu dünyaya aldandığı üçün ziyana uğrayanlar xeyir qazananlardan daha çoxdur. Qurani-Kərimin məşhur bir ayəsi də bunu sübut edir:

“Həqiqətən, insan ziyan içindədir” (Əsr surəsi, 2-ci ayə).

Elə buna gorə də Həzrət Əli əleyhissalam dünya haqqında buyururdu: “Dünya ziyan gətirən bazardır” (Ğürərül-hikəm, 396-cı hikmət).

О həzrətin növbəti hədisi də dünyanın oxşar simasını zehnimizdə canlandırır: “Dünya keçid yeridir, qalacaq yer deyil. İnsanlar dünyada iki dəstədirlər. Bir dəstə ozünü satır və qaçqın qul kimi yaşayır; о biri dəstə isə ozünü satın alır və azad edir” (Nəhcül-bəlağə, 129-cu hikmətli kəlam).

(ardı var)

Опубликовано:5 Январь, 2017, Просмотров:1509
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2017 All right reserved www.islam.az waplog