Русская версия  |  Əsas səhifə

Dünyaya həris olan insan barama qurduna bənzəyir

(dördüncü hissə)

(Əvvəli: http://az.islam.az/article/a-857.html; http://az.islam.az/article/a-860.html; http://az.islam.az/article/a-863.html)

Həzrət Əli ibn Əbutalib əleyhissalamın “Divani-Əmirəlmöminin”dəki şeirlərinin birində dünya hörümçək yuvasına (və ya hörümçək toruna) bərabər tutulur (səh. 116, 370-ci beyt). İmam Mühəmməd Baqir əleyhissalam bu təşbihi daha da dərinləşdirərək buyurur:

“...Dünyaya həris olan insan barama qurduna bənzəyir. Öz ətrafını torla nə qədər çox bürüsə, bir o qədər buradan xilas olmağı gecikər. Axırda isə qəm-qüssədən bağrı çatlayıb ölər...” (Vəsail əl-şiə, “Cihadun bi-l-nəfs” kitabı, 64-cü bab, 1-ci hədis).

Şəhid Ayətullah Seyyid Əbdülhüseyn Dəstqeybin “Qəlbi-salim” əsərinda bu hədisin şərhi verilir: “Həqiqətən, dünyaya həris olan kəs barama qurdundan daha pisdir. Çünki öz toxuduğu yuvanın içində bağlı qalan barama qurdu əgər günün hərarətindən yanıb məhv olmasa, nəinki ölmür, hətta özünü tərpədib yuvanı cırır və bəzən kəpənək halına düşüb özünü xilas edir. Amma dünya hərisi heç vaxt özünü azad etməyə və dünya ilə əlaqələrini azaltmağa çalışmır. O, cəhənnəm atəşində yanana kimi insanlığın ölümü mərhələsini yaşayır” (Şəhid Dəstqeyb. Qəlbi-səlim, səh. 837).

İslam müqəddəslərinin hədislərində dünya möminin zindanı kimi də təqdim edilir. Məsələn, Həzrət Mühəmməd Peyğəmbərin (s) xanımı Aişə о həzrətin belə buyurduğunu rəvayət edir: “Mömin şəxs dünyanı xoşlamaz. Axı dünya onun zindanı və bəla məkanıdır” (Müttəqi Hindi. Kənz əl-ümmal, 6090-ci hədis).

Peyğəmbərimiz özünün zahidliyi və nümunəvi əxlaqı ilə tanınan səhabəsi Əbuzər Qiffariyə belə söyləmişdi: “Ey Əbuzər! Həqiqətən, dünya möminin zindanı, qəbir - əmin-amanlıq və rahatlıq yeri, cənnət - qalma məkanıdır. Kafir üçün isə dünya cənnət kimidir, qəbir - onun əzab yeri, cəhənnəm atəşi qalma məkanıdır” (Deyləmi. İrşad əl-qülub, 2-ci bab, səh. 74).

Buna oxşar məzmunlu bir hədisi də İmam Cəfər Sadiq əleyhissalamdan rəvayət etmişlər: “Dünya möminin zindanı, qəbir - sığınacağı, cənnət isə məkanıdır. Dünya kafirin cənnəti, qəbir - zindanı, cəhənnəm atəşi isə məkanıdır” (Şeyx Səduq. Əl-Xisal, səh. 108, 74-cü hədis).

Dünya haqqında söylənmiş ən məşhur fikir isə, şübhəsiz, bundan ibarətdir ki, dünya karvansara kimidir. Xalqımızın milli təfəkkürünün və tarixi təcrübəsinin məhsulu olan bayatılarımızda da bu fikrin izlərinə rast gəlirik:

...Dünya bir pəncərədir,

Hər gələn baxar, gedər.

Deyirlər ki, təsəvvüf tarixinin görkəmli simalarından olan İbrahim Ədhəm əslində yüksək rütbəli dövlat məmurlarından birinin oğlu imiş. Ömrünün gənclik illərini malikanədə keçirmişdi, zöhd va qənaətdən xəbərsiz idi. Bir gecə İbrahim sarayda yatarkən, damda səs-küy eşidir. Sanki kimsə damda ora-bura qaçırdı. İbrahim həyətə çıxır, dama baxıb həqiqətən də orada bir nəfərin vurnuxduğunu görür. “Damda nə edirsən?” – deyə soruşanda hamin adam cavab verir: “Dəvəmi itirmişəm, onu axtarıram”. İbrahim qəzəb içində qışqırır: “Məgər mənim mülkümün damı karvansaradır ki, orda dəvə axtarırsan!?” Damdakı adam cavab verir: “Bu malikanədə əvvəllər sənin baban yaşayıb. О öləndən sonra onun oğlu, yəni sənin atan burada məskun olub. Atan öləndən sonra mülkün sahibi sən olacaqsan. Sən öləndən sonra da oğlun bura sahib çıxacaq. İndi de görüm, bu malikanə karvansara deyil, nədir?” Bu sözlər İbrahimə elə təsir edir ki, elə həmin gecə mal-mülkünü atıb saraydan çıxır və sufiyanə həyat sürməyə başlayır...

DİQQƏT!

Əlbəttə, ayə və hədislərdə dünyanın məzəmmət edilməsi və mənfi təşbehlərlə göstərilməsi dünyaya mütləq mənada nifrətlə yanaşmağı təbliğ etmir. Bu deyilənlər dünyaya aludə olan, dünyanı axirətdən üstün tutan, hər şeyin dünya həyatı ilə məhdudlaşdığını düşünən şəxslərə ünvanlanır. O şəxslər ki, yalnız dünya nemətlərini əldə etməkdən ötrü çalışırlar, dünyada qazandıqlarına qürrələnirlər, hər şeyi dünya dəyərləri ilə ölçürlər, bir sözlə, dünya mərkəzli həyat sürürlər. Halbuki, dünya – axirəti əldə etmək üçün bir vasitədir. Buna görə də dünyaya saymazyana münasibət bəsləmək olmaz. Dünya olmasaydı, axirətin mənası qalmazdı. Çünki insanlar bu dünyadakı öz əməllərinə görə cənnəti (və ya cəhənnəmi) qazanırlar. Dünya həyatı - əbədi cənnət həyatını qazanmaq üçün bizə verilən fürsətdir. Bu fürsətdən ağılla faydalanan şəxs uğur qazanır, bu fürsəti itirən şəxs əbədi ziyana uğrayır.

Mömin şəxs dünyaya, malik olduğu miqdarda dəyər verər. Dünya həyatına bağlanmamaqla yanaşı, həm də onu məsuliyyətlə “xərcləmək” və qədrini bilmək lazımdır. Çünki yeganə geri qayıtmayan şey zamandır...

Опубликовано:11 Январь, 2017, Просмотров:1707
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2017 All right reserved www.islam.az waplog