Русская версия  |  Əsas səhifə

Şərəfli nəslin övladları – seyyidlər

(beşinci hissə)

(Əvvəli: http://az.islam.az/article/a-913.htmlhttp://az.islam.az/article/a-914.htmlhttp://az.islam.az/article/a-916.htmlhttp://az.islam.az/article/a-919.html)

Peyğəmbər övladlarına edilmiş zülmlər

Miladi 786-cı ildə Məkkə ilə Mədinə arasındakı Fəxx adlı məntəqədə Abbasi xəlifəsi Hadinin əsgərləri İmam Həsənin (ə) nəslindən olan Hüseyn adlı seyyidin tərəfdarlarına amansız divan tutdular. Fəxx müsibəti kimi tarixə düşmüş bu qırğında xeyli nəcib seyyid şəhid edildi. Xəlifənin əsgərləri hər cür cinayətə əl atırdılar, bəzən qarşı tərəfə aman verdiklərini söyləyir, silahı yerə qoyanda isə onu öldürürdülər.

Hüseynin silahdaşlarının əksəriyyəti həlak oldu, bir hissəsi də əsir edildi. Şəhidlərin başını kəsib, əsirlərlə birlikdə xəlifəyə göndərdilər. Başsız bədənlər isə dəfn olunmadan torpaq üstündə buraxıldı ki, vəhşi heyvanlara və quşlara yem olsunlar. Xəlifə Hadi bütün əsirlərin boynunun vurulmasını əmr etdi...

1001 gecə nağıllarının qəhrəmanı, ədalətli hökmdar kimi təbliğ edilən Harun ər-Rəşidin də əli bir neçə seyyidin qanına bulaşmışdır. İmam Həsənin (ə) nəvəsi Abdullah Məhzin oğlu Yəhya bunlardan biri idi. Harun dəfələrlə Yəhyaya aman verib, sonra amannaməni ləğv etdi, axırda ona zəhər içirdib aradan götürdü. Yəhyanın oğlu da xəlifənin əlaltıları tərəfindən zindanda həlak edilmişdi.

Cəfəri-Təyyarın nəslindən olan Hüseyn ibn Abdullah, İmam Həsənin (ə) nəticəsi İshaq, İmam Zeynülabidinin (ə) nəticəsi Abdullah və başqaları Harun ər-Rəşidin əmri ilə öldürüldülər. Harun özü də şəxsən bəzi seyyidləri qətlə yetirmişdi. İmam Zeynül-abidinin (ə) oğlu Abdullah Bahirin nəvəsi Abbas xəlifənin əli ilə şəhid edildi. Abbası cəzalandırmaq üçün saraya gətirəndə xəlifə onu təhqir edərək, “zinakar qadının oğlu” adlandırmış, Abbas da onun təhqirinə ağır cavab vermişdi. Harun cavabdan qəzəblənib gürzlə Abbasın başına vurdu və onu öldürdü.

Harunun həbsxanalarında Peyğəmbər nəslinin onlarla nümayəndəsi hamıdan gizli halda saxlanılır və tədricən öldürülürdü. Onun zamanında ələvi (İmam Əli nəslindən olan) seyyidlərə tutulan divan barədə aşağıdakı hadisə dolğun təsəvvür yaradır:

Abdullah Bəzzaz Nişaburi rəvayət edir ki, Abbasilərin məşhur sərkərdəsi Hümeyd ibn Qəhtəbə Tai ilə dostluğum var idi. (Hümeyd ömrünün axırına yaxın Tusda yaşayırdı. Ramazan ayında Tusa getmişdim. Şəhərdə olduğumu eşidən kimi məni evinə çağırtdırdı. Evinə girəndə gördüm ki, Hümeyd içində bulaq axan bir otaqda oturub. Hal-əhval tutduqdan sonra xidmətçilər aftaba-ləyən gətirdilər, əllərimizi yuduq. Hümeyd xidmətçilərə yemək gətirmələrini əmr etdi. Süfrə açıb yeməkləri düzdülər. Hümeydə dedim: “Siz yəqin ki, xəstələnmisiniz, onagörə də orucu pozmağa haqqınız var. Amma mən sağlamam, çörək yeməyəcəyəm”.

Hümeyd cavab verdi ki, xəstə deyiləm, oruc tutmamağımın səbəbini də yeməkdən sonra sənə deyərəm. Hümeyd yeyib qurtarandan sonra zar-zar ağlamağa başladı. Səbəbinisoruşanda belə bir hadisə danışdı:

Harun Tusda olanda bir gecə məni hüzuruna çağırdı. Gedib gördüm ki, qabağına bir şam və bir qılınc qoyub oturub. Qara dərili bir qulam da hüzurunda müntəzirdir. Məni görəndə başını qaldırıb soruşdu: “Hümeyd, mənim əmrlərimə nə dərəcədə tabesən?” Cavab verdim: “Əmirül-mömininin yolunda canımı və malımı fəda etməyə hazıram”. Harun dedi: “Qayıt, evinə get”.

Mən təəccüb içində evə döndüm. Bir azdan yenə qasid gəlib məni xəlifənin yanına çağırdı. Harun bu dəfə də mənə eyni sualı verdi. Cavab verdim: “Əmirül-mömininin yolunda canımı, malımı və övladımı fəda etməyə hazıram”. Harun gülümsəyib söylədi: “Evinə qayıt”.

Evə gəldim. Bir müddət sonra qasid üçüncü dəfə məni saraya çağırdı. Harun sualını təkrar edəndə bu dəfə belə dedim: «Əmirül-mömininin yolunda malımı, canımı, övladımı və dinimi fəda etməyə hazıram”. Xəlifə bu cavabımdan xoşhallanıb güldü, sonra qabağındakı şamı və qılıncı mənə verib dedi: “Bunları götür, qulamın dalınca get. Sənə nə desə, yerinə yetirərsən”.

Qulamın arxasınca düşdüm, məni qıfıllı bir qapının ağzına gətirdi. Qulam qıfılı açdı, kiçik bir otağa daxil olduq. Ortada dərin quyu var idi. Bu otaqdan daha üç otağa qapılar görünürdü. Qulam qapılardan birini açdı. İçəridə zəncirlə bağlanmış iyirmi nəfər məhbus vardı. Qulam onları bir-bir içəri otaqdan çıxarıb, quyunun yanına gətirdi. Bunların kimliyi ilə maraqlananda cavab verdi ki, hamısı Əli (ə) ilə Fatimənin (ə) nəslindən olan seyyidlərdir və Harun mənim onları öldürməyimi istəyir. Mən qılıncı əlimə götürüb, bir-bir məhbusların başını kəsdim. Qulam kəsik başları kənara qoyub, bədənləri quyuya atırdı.

Qulam ikinci hücrənin qapısını açdı. Orada da Əli (ə) övladından iyirmi nəfər var idi. Mən onların da hamısını öldürdüm, qulam isə başsız bədənləri quyuya tulladı.

Sonra qulam üçüncü hücrədəki iyirmi nəfər seyyidi gətirdi. Bir-bir başlarını kəsdim. Axırıncısı ağ saqqallı nurani bir qoca idi. Onu öldürmək istəyəndə belə dedi: “Ey bədbəxt! Qiyamət günündə Peyğəmbər altmış nəfər balasını öldürməyinin səbəbini soruşanda nə cavab verəcəksən?!” Qocanın sözlərindən əllərim əsdi, özümü itirdim. Qulam bunu görüb üstümə qışqırdı. Özümə gəlib, qocanın da başını kəsdim”.

Hümeyd bu əhvalatı danışandan sonra belə söylədi: “Bu boyda günaha bulaşandan sonra oruc tutmağımın, namaz qılmağımın nə faydası var? Onsuz da bilirəm ki, mütləq cəhənnəmə düşəcəyəm!” (Şeyx Səduq. Üyun əxbar əl-Riza, 1-ci cild, səh. 100-101; Bihar əl-ənvar, 48-ci cild, səh. 176-178).

Опубликовано:11 Сентябрь, 2017, Просмотров:1333
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2017 All right reserved www.islam.az waplog