Русская версия  |  Əsas səhifə

Sufi təriqətləri

Beşinci hissə

(Əvvəli: http://az.islam.az/article/a-935.htmlhttp://az.islam.az/article/a-936.html; http://az.islam.az/article/a-939.html; http://az.islam.az/article/a-940.html)

Kübrəviyyə

Kübrəviyyə məşhur sufi təriqətlərindən biridir. Banisi Nəcməddin Kübra adı ilə tanınan Əbu Cənab Əhməd ibn Ömərdir (1146-1220). Nəcməddin Kübra Orta Asiya, İran, Ərəbistan, Misir ölkələrini qarış-qarış gəzmiş, axırda vətəni Xarəzmə qayıtmış və monqolların hücumu zamanı şəhəri müdafiə edənlərə qoşularaq şəhid olmuşdur.

Nəcməddin Kübranın keçdiyi təsəvvüf yolu Azərbaycanla bağlıdır. Belə ki, o, Cənubi Azərbaycan əsilli, sührəverdiyyə təriqətinin banisi Şeyx Əbu Nəcib Sührəverdinin şagirdindən, eləcə də, Təbrizdə Baba Fərəc Təbrizi adlı mürşiddən dərs almışdır.

Nəcməddin Kübranın sistemləşdirdiyi kübrəviyyə təriqətinə IX əsrdə yaşamış məşhur sufi Cüneyd Bağdadinin fikirləri mühüm təsir göstərmişdir. Nəcməddin öz şagirdlərini Cüneyd kimi yaşamağa, yəni daim dəstəmaz, oruc, sükut halında olmağa, dünya qayğılarından uzaqlaşmağa və şeyxin rəhbərliyi altından kənara çıxmamağa çağırırdı.

Kübrəviyyə təriqətində əsmaül-hüsnaya (Allahın gözəl adlarına) xüsusi diqqət yetirilir. Kübrəvilərə görə insan kamilləşdikcə, onda Allahın bütün sifətləri təcəlla edir (yalnız “Rəhman” və “Rəhim” sifətlərindən başqa). Kamil insan kainatın kiçik modelidir. O, maneəsiz olaraq, fəzanın ənginliklərində seyr edə bilər. Kübrəviyyə təliminə görə Allahın bütün sifətləri səmanın müəyyən bir qatında məkan tutmuşdur. Sufi həmin məkanları seyr etdikdə oradakı ilahi sifətləri də dərk edir və mənimsəyir. Əlbəttə, bu dərketmə və mənimsəmə fiziki hissiyyat üzvləri ilə deyil, qəlb vasitəsilə mümkün olur.

Kübrəviyyə təriqətində rənglərin də xüsusi mənası vardır. Sufi ilahi sifətlərin təcəllasına nail olduqca, hər mərhələdə bir rəngi duyur və özünü həmin rəngə boyanmış hiss edir. Rənglərin hər birinin öz izahı var: ağ rəng İslamın, sarı imanın, tünd göy ehsanın, mavi yəqinin, qırmızı irfanın, qara rəng isə Allahın cəlalının rəmzidir. Qara rəngi “görən” şəxs fəna halına çatmışdır. Rənglərin sonuncusu yaşıldır. Yaşıl rəngi “görən” sufi seyrü-süluk yolunun sonuna yaxınlaşdığını bilir.

Bütün sufi təriqətlərində olduğu kimi kübrəviyyədə də mürşid kultu güclüdür. Seyrü-süluk yolunda sufinin düzgün istiqamətdə irəliləməsi və ilahi təcəllanı şeytani vəsvəsələrdən ayıra bilməsi üçün həmişə kamil bir mürşidin nəzarəti və rəhbərliyi altında olması vacibdir.

Kübrəviyyə təriqətinin silsiləsi Kümeyl ibn Əsəd və Həsən Bəsri vasitəsilə İmam Əli ibn Əbutalibə (ə) və Həzrət Mühəmməd Peyğəmbərə (s) bağlanır.

Seyrü-süluk yolunda irəliləyən sufinin qəlbində aşağıdakı 10 hal yaranır: tövbə, zöhd, təvəkkül, qənaət, üzlət (tənhalıq), zikr, təvəccüh (dünyaya aid olan hər şeydən uzaqlaşıb, qəlb gözünü Allaha yönəltmək), səbir, müraqəbə (hər an Allahın nəzarəti altında olduğunu duymaq) və riza. Göründüyü kimi seyrü-süluk yolunda arifin keçdiyi halların burada verilmiş təsnifatı klassik təsəvvüf mənbələrindən sayılan Əbu Nəsr Sirac Tusinin “əl-Lümə” əsərində verilmiş məqam və hal sistemindən fərqlənir və onların sintezini xatırladır.

Kübrəviyyə təriqəti Nəcməddin Kübranın müridləri vasitəsilə Türkiyə və Hindistan ərazisində də yayılmışdır. Bu təriqətin məşhur nümayəndələri və Nəcməddin Kübranın şagirdləri sırasında Mövlana Cəlaləddin Ruminin atası Bəhaüddin Vələd, məşhur şairlər Fəridəddin Əttar, Əlaüd-dövlə Simnani, məşhur arif Əzizəddin Nəsəfi kimi məşhur şəxsiyyətlərin adlarına rast gəlirik. Xüsusilə, Əlaüd-dövlə Simnani kübrəviyyə təriqətinin inkişafında mühüm rol oynamış, bu təriqətin ideya əsaslarında bəzi islahatlar aparmış, onu vəhdəti-vücud təlimindən ayırmışdır.

Maraqlıdır ki, Şeyx Nəcməddin Kübranın məşhur ləqəblərindən biri də “şeyxi-vəlitəraş”, yəni vəli yonan (yaradan, düzəldən) şeyx olmuşdur. Səbəb budur ki, Nəcməddin Kübra mürşidlik etdiyi şəxslərin üzərində güclü təsir qoyaraq, onları vəli məqamına çatdırırdı. Görünür, bu ləqəbdə Nəcməddin Kübranın məhsuldar fəaliyyəti də nəzərdə tutulur. Yəni bu böyük şəxsiyyət vəlilər yetişdirən bir məktəb, vəlilər hazırlayan bir cihaz qədər güclü və məhsuldar idi.

XIV əsrin sonlarından etibarən kübrəviyyə təriqətinin əsas fəaliyyət mərkəzi Hindistan olmuşdur. Lakin sonralar çiştiyyə, sührəvərdiyyə, nəqşbəndiyyə kimi təriqətlərin rəqabətinə dözməyən kübrəviyyə zəifləyib müridlərini itirdi. Hal-hazırda kübrəviyyə təriqətinin izləri Orta Asiya ölkələrində qalmaqdadır.


Опубликовано:10 Январь, 2018, Просмотров:2829
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2018 All right reserved www.islam.az waplog