Русская версия  |  Əsas səhifə

Sufi təriqətləri

Yeddinci hissə

(Əvvəli: http://az.islam.az/article/a-935.htmlhttp://az.islam.az/article/a-936.html; http://az.islam.az/article/a-939.html; http://az.islam.az/article/a-940.html; http://az.islam.az/article/a-944.html; http://az.islam.az/article/a-945.html)

Səfəviyyə

Təriqətin banisi Səfəvilər sülaləsinin əcdadı, Şah İsmayıl Xətainin ulu babası Şeyx Səfiəddin İshaq Ərdəbilidir (1252-1334). Şeyx Səfiəddin əvvəlcə məşhur sufi Şeyx Zahid Gilaninin müridi olmuş, onun vəfatından sonra (1301-ci il) səfəviyyə təriqətinin əsasını qoymuşdur.

Səfəviyyə təriqətinin ideoloji əsasları sührəvərdiyyə, xəlvətiyyə, zahidiyyə təriqətlərinin görüşləri əsasında formalaşmış, öz növbəsində bəktaşi və hürufi ənənələrinə böyük təsir göstərmişdir.

Səfəviyyə təriqətinin Azərbaycan, İran və Anadolu torpaqlarında çoxlu ardıcılı vardı. Elxanilərin vəziri Rəşidəddin Fəzlüllah, onun oğlu Qiyasəddin Rəşidi və hətta Elxani hökmdarı Əbu Səid bu təriqətin müridi idilər. Təriqət o qədər güclü idi ki, Elxani sərkərdəsi Əmir Çobanın: “Mənim əsgərlərimin sayı çoxdur, yoxsa sənin müridlərinin?”sualına Şeyx Səfiəddin belə cavab vermişdi: “Təkcə İran ərazisində sənin hər qaniçən cəlladının müqabilində mənim 100 nəfər müridim var”.

Səfəviyyə təriqəti hökmdarların yanında böyük nüfuz qazanmışdı və iri vəqf sahələrinə malik olan ən zəngin sufi təriqətlərindən sayılırdı. Şeyx Səfiəddinin oğlu Şeyx Musa Sədrəddinin zamanından başlayaraq hər il Osmanlı sultanları təriqətin Ərdəbildəki iqamətgahına bahalı hədiyyələr göndərirdilər. Şeyx Sədrəddinin oğlu Xacə Əli Siyahpuş Teymurlənglə görüşmüş, onun rəğbətini qazanmışdı. Hətta Xacə Əlinin xahişi ilə Teymurləng Türkiyə səfərində ələ keçirdiyi 30 min nəfər əsiri ona bağışlamışdı. Bu əsirlərin hamısı Xacə Əli tərəfindən azad edildikdən sonra səfəviyyə təriqətinə qoşuldu.

XV əsrin ikinci yarısından etibarən Səfəviyyə şeyxləri siyasi fəaliyyətə başladılar. Xacə Əlinin nəvəsi Şeyx Cüneyd və onun oğlu Şeyx Heydər hakimiyyət uğrunda Şirvanşahlarla mübarizə səhnəsinə daxil oldular. Nəhayət, Şeyx Səfiəddinin 6-cı nəsildən xələfi Şah İsmayıl Səfəvi möhtəşəm Səfəvilər dövlətinin əsasını qoydu.

Çiştiyyə

Əsasən, Hindistan ərazisində yayılmış sufi təriqətlərindən biridir. Banisi Müinüddin Həsən Çişti (1142-1236) sayılır. O, öz dövrünün məşhur sufilərindən olan Əbdülqadir Gilani, Əbu Həfs Ömər Sührəvərdi və Nəcməddin Kübra ilə görüşmüşdü. Herat yaxınlığındakı Çişt kəndində öz şeyxinin yanında məskunlaşdığı üçün, ona Çişti deyirdilər. Çiştiyyə təriqətinin bundan xeyli əvvəl Xacə Əbu Əhməd Abdal Çişti (vəf. 966-cı il) tərəfindən yaradıldığını da yazırlar.

Çiştiyyə təriqətinin əsas atributları gizli və açıq zikr, 40 günlük çillə və sima musiqisini dinləməkdir. Bu təriqət vəhdəti-vücud sistemi üzərində qurulmuşdur. Çiştiyyə təriqətinin üzvləri zahidanə həyat tərzi sürürdülər. Onların şüarı bu idi: “Dərya kimi səxavətli, Günəş kimi mehriban, torpaq kimi sadə olmaq”.

Hindistan və Pakistan ərazisində İslam dininin yayılıb möhkəmlənməsində çiştiyyə təriqətinin rolu böyükdür. Çiştinin müridləri bu təriqəti Benqal, Malayziya və İndoneziya torpaqlarında yaymışlar. Hindistanda başqa sufi təriqətlərinin də mövcud olmasına baxmayaraq, çiştiyyə və sührəvərdiyyə tərəfdarlarının sayı həmişə üstünlük təşkil etmişdir.

Çiştiyyə sima musiqisini həqiqətə çatmağın yollarndan biri (meditasiya üsulu) kimi təklif etmiş ilk təriqətlərdən sayılır. Çiştiyyənin əsas kitabları risalə halında qələmə alınmayıb, təriqət şeyxlərinin yazıya alınmış çıxışlarından ibarətdir. Çiştiyyə təriqətində 5 böyük şeyx möhtərəm sayılır: Müinuddin Həsən Çişti, Qütbəddin Bəxtiyar Kaki, Fəridəddin Gənci-şəkər (Baba Fərid), Nizaməddin Övliya və Nasirəddin Çıraği-Dehli.

Çiştiyyə təlimində hind yoqlarına məxsus bəzi ünsürlərin də təsiri görünür.

Zaman keçdikcə çiştiyyə təriqəti bir neçə qola bölünmüşdür ki, bunların ən məşhurları nizamiyyə, sabiriyyə və mövdudiyyədir.

Опубликовано:25 Январь, 2018, Просмотров:1830
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2018 All right reserved www.islam.az waplog