Русская версия  |  Əsas səhifə

Sufi təriqətləri

Səkkizinci hissə

(Əvvəli: http://az.islam.az/article/a-935.htmlhttp://az.islam.az/article/a-936.html; http://az.islam.az/article/a-939.html; http://az.islam.az/article/a-940.html; http://az.islam.az/article/a-944.html; http://az.islam.az/article/a-945.html; http://az.islam.az/article/a-948.html)

Şaziliyyə

Şaziliyyə məşhur sufi təriqətlərindən biridir. Onun əsası tunisli Əbül-Həsən Əli ibn Abdullah Şazili (1196-1258) tərəfindən qoyulmuşdur. Şazili öz əsil-nəsəb zəncirini İmam Həsən (ə) vasitəsilə Həzrət Mühəmməd Peyğəmbərə (s) bağlayırdı. O, Tunis və Misir ərazisində sufiliyi yaymqala məşğul olmuşdur. Deyilənlərə görə, Şazili əvvəlcə kimiya elminə (müxtəlif maddələrdən qızıl almaq yolları barədə elm) maraq göstərmiş, sonra dini elmləri dərindən mənimsəməyə başlamış, axırda mənəviyyat elmlərinə üz tutmuşdu.

Şaziliyyə təriqətinin silsiləsi İmam Əli ibn Əbutalib (s) vasitəsilə Peyğəmbərə (s) bağlanır. Bu silsilədə Həsən Bəsri, Həbib Əcəmi, Davud Tai, Mərif Kərxi, Səriyy Səqəti, Cüneyd Bağdadi, Şibli, Əbdülqadir Gilani kimi böyük sufilərin adına rast gəlirik. Əbül-Həsən Şazili təriqət silsiləsində Peyğəmbərdən (s) sonra 17-ci halqanı təşkil edir.

Şaziliyyə digər sufi təriqətlərinə nisbətən, daha mülayim xarakterlidir və ortodoksal İslam təlimlərinə daha yaxındır. Belə ki, bu təriqətdə həqiqətə çatmağın yolları ardıcıl ibadətdən, orucdan, zikrdən, duadan ibarətdir. Başqa təriqətlərdə rast gəlinən riyazət (fiziki məhrumiyyət), çilə, sima kimi ənənələrə şaziliyyədə demək olar ki, rast gəlinmir. Bu təriqətdə sufi musiqi təcrübəsi yox dərəcəsindədir, hətta şaziliyyə müridləri Qurani-Kərimi də cəld üslubda qiraət etməyə üstünlük verirlər. Şazili xəlvətə çəkilməyi, ucadan zikr söyləməyi sufiliyə uyğun hesab etmirdi. Onun fikrincə, bəzi sufilərə məxsus olan şəthiyyat (zahirən dinə zidd olan və vəcd halında söylənilən sözlər), kəşflər (vəcd halında Allahdan alındığı iddia edilən ilham və gizli elmlər) əsl təsəvvüfün ruhuna ziddir. Hər bir sufinin əməlləri və sözü ilk növbədə Quranla və sünnə ilə müqayisə edilib dəyərləndirilməlidir, bunlara uyğun gəlməyən bütün söz və davranışlar batildir.

Əbül-Həsən Şazilinin özü əkinçiliklə məşğul olur, əlinin zəhməti ilə dolanırdı. Şazili müridləri tərki-dünya həyat tərzi sürmür, öz dolanışıqlarını təmin etmək üçün işləyirdilər. Onların fikrincə, təriqət həyatına zəruri miqdarda dünya işlərini qatmaq mənəvi kamillik üçün maneçilik yarada bilməz. Şaziliyyə təriqətində heç vaxt başqasına möhtac olmamaq və yalnız Allaha təvəkkül etmək əsasdır. Bu təriqətin kökündə ibadət vasitəsilə özünü tərbiyə etmək üsulları durur. Şazili muridləri sair sufilərdən fərqli olaraq ictimai həyatdan və ətrafdakı insanlarla ünsiyyətdən qaçmırdılar. Bütün bu xüsusiyyətlərə görə şaziliyyə sufi təriqətləri içində ən “asan” təriqət adlandırılır.

Əbül-Həsən Şazili öz təriqətini beş əsas prinsip üzərində qurmuşdu:

1. Zahirdə və batində Allahdan qorxmaq (təqva);

2. Söz və əməldə sünnəyə əməl etmək;

3. İstər xoş, istərsə də çətin günlərdə insanlara əl açmamaq və onlardan yardım gözləməmək;

4. Həm mühüm, həm də kiçik məsələlərdə Allahın qəza-qədərinə razı və təslim olmaq;

5. Sevinc və kədər zamanı yalnız Allaha təvəkkül etmək.

Əbül-Həsən Şazili təsəvvüflə bağlı görüşlərini yazılı şəkildə qələmə almağı xoşlamırdı. O, deyirdi: “Mənim kitablarım mənim şagirdlərimdir”. Şaziliyyə ardıcılları xanəgahlara çəkilmir, normal sosial həyat tərzi sürürdülər.

Şaziliyyə təriqəti Şimali Afrika ölkələrində (Mərakeş, Tunis, Əlcəzair, Liviya, Sudan, Misir), eləcə də, Suriyada kifayət qədər geniş yayılmışdı. Məşhur sosioloq İbn Xəldun şaziliyyə təriqətinə bağlı idi. Əllamə Süyuti şaziliyyə təriqətinin düzgünlüyü barədə risalə yazmışdı (“Təyid əl-həqiqət əl-əliyyə və təşyid əl-həqiqət əl-şaziliyyə”). Bu gün də Misirdə və Məğrib ölkələrində şaziliyyə təriqəti yaşamaqdadır.

Şaziliyyə təriqətinin 13 qola bölündüyü məlumdur. Bunların içində Dəruqiyyə və Məryəmiyyə qolları xüsusi seçilir. Hal-hazırda Avropa və Amerika müsəlmanları arasında şaziliyyə təriqətinin məryəmiyyə qolu kifayət qədər geniş yayılıb. XX əsrin birinci yarısında yaşamış şərqşünas alim Rene Genon şaziliyyə təriqətinin üzvü olmuşdur. Sonralar İslam dinini qəbul etmiş tədqiqatçı alimlərdən Titus Burkhardt (vəf. 1984), Frityof Şuon (vəf. 1998), Martin Linqs (vəf. 2005) və başqalarının şaziliyyə təriqətinə qoşulduqları yazılır. Amerikada faəliyyət göstərən İran əsilli məşhur müsəlman alimi Seyyid Hüseyn Nəsr (doğ. 1933) də şaziliyyə təriqətinin məryəmiyyə qoluna mənsubdur.

Опубликовано:6 Февраль, 2018, Просмотров:2905
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2018 All right reserved www.islam.az waplog