Русская версия  |  Əsas səhifə

Fahişə nümunə olarsa

“Tanınmış model canlı yayında əxlaqsız söz dedi”, “Populyar müğənni hamamda çəkilən şəkillərini paylaşdı”, “Məşhur aktrisa hava limanında sərxoş halda görüntüləndi” və s. və i.a. Belə başlıqlara, belə “xəbərlərə” o qədər adət etmişik ki, artıq heç təəccüblənmirik də: şou-biznes, ekran adamı elə belə olar da! Əxlaqsız, sərxoş, qanacaqsız, ədabaz, tərbiyəsiz, söyüşkən, bir az narkoman, bir qədər əyyaş. Burada nə var ki?..

Əxlaqsızlıq, hətta fahişəlik bəşər tarixində bütün ictimai formasiyalarda, bütün dövlətlərdə, bütün xalqlarda olub. Bir qədər az, bir qədər çox, amma olub. Var. Və yəqin ki, ta Qiyamətə qədər də olacaq, burada təəccüblü bir şey yoxdur. Çünki Allah Quranda buyurub: “Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq...” (Əraf, 179). Bu əksəriyyət də öz yolunu tutub getməkdədir. Bəs əgər bu pozğunluq, əxlaqsızlıq həmişə olubsa, o zaman bu çalınan həyəcan təbilləri nəyə lazımdır? Əsirlər keçib, alışmalıydıq axı! Ya bəzi insanlar “mənəviyyatımız hər ötən gün daha da tənəzzülə uğrayır” dedikdə ikiüzlülük edir, “numara yapır”? Hə?

Yox, əsla! Zənnimizcə məsələ başqadır. Artıq dediyimiz kimi, fahişəlik, əxlaqsızlıq, pozğunluq həmişə olub. Amma... Amma bu pozğun tayfanı çox, lap çox nadir hallarda gətirib yuxarı başa çıxarıblar, söz sahibi ediblər, nümunə kimi təqdim ediblər, döşlərinə hörmət və izzət yarlıkı asıblar. Belə hallar olanda da, böyük faciiələr baş verib. Məsələn, Yəhya peyğəmbərin başı kəsilib, sərxoş Afinalı Tais tərəfindən Persepolda Kserksin sarayı odlara verilib və s. Amma bizdə, çox təəssüflər olsun ki, indi vəziyyət məhz belədir. Əvvəl fahişə olmaq rüsvayçılıq, rəzillik, aşağılıq idisə, əvvəl bu yolun yolçuları tutduqları əməllərdən, cəmiyyətdəki mövqelərindən xəcalət çəkir, bəziləri hətta nifrət edirdisə, indi tam başqa mənzərədir. Çox da uzaq olmayan keçmişdə məhz fahişə sayılacaq, günümüzdə isə müğənni, model, aktrisa kimi təqdim olunan personalar nəinki utanır, xəcalət çəkir, onlar həyatdakı bu mövqeləri ilə fəxr edirlər, hətta onlara tay olmayanlara abır və ismət dərsi verməyə qalxırlar (dağıl, a dünya!). İndi onlardan nümunə götürürlər.

Yaxşı, onları başa düşdük: “...Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar” (Əraf, 179). Bəs bu pozğunlara ağzı acılı baxanlara, gözüyaşlı dinləyənlərə, dəli kimi çəpik çalanlara, onların “Instagram” və “Facebook” səhifələrində sülənənlərə nə gəlib? Burada iki variant mümkündür: ya onlar da ayədə buyurulduğu qrupa aiddirlər, ya da ki, sadəcə qanmazdırlar, cahildirlər. Hər ikisi rəzillik və xarlıqdır.

Və sonda. Yaxşı, bəs nə edək? Müxtəlif cavablar ola bilər. Biz birini yazıb, digərlərini hər bir oxucunun öz ixtiyarına buraxırıq. Gəlin hər bir əxlaqlı, abırlı, ismətli, həyalı, vicdanlı, namuslu Azərbaycan vətəndaşı məhz bu cür yaşamağını davam etdirsin və yaxın, imkan daxilində uzaq qohumlarını, tanışlarını şəxsi nümunəsi bu yola dəvət etsin. Başa düşürəm, bu boyda bəlanın qarşılığında qeyd etdiyimiz vasitə bəlkə də cüzi görünəcək. Amma necə deyərlər, “bizdən hərəkət, Allahdan bərəkət”. Rəbbimiz belə səyləri zay etməz. Ola bilsin xəmir hələ çox su aparsın. Ancaq ruhdan düşüb onsuz da böyük hissəsi təhvil verilən mövqelərdən bir qədər də geri çəkilmək olmaz. Özümüzə, övladlarımıza, gələcəyimizə xatir.

Опубликовано:18 Апрель, 2019 11:59
В этом разделе:
11 Апрель, 2019
Bəs vicdan nə deyir?
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog