Русская версия  |  Əsas səhifə

Bakıda “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu keçirilir

İyulun 11-də Azərbaycan İlahiyyat İnstitutu, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi və AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu öz işinə başlayıb.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın tarixi-dini abidələri haqqında fotosərgi ilə tanış olublar.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu iştirakçılarına Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müraciətini oxuyub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov İslamın Qafqaz xalqlarının həyatında tutduğu əhəmiyyətli mövqeyə, həmçinin qafqazlı alim və mütəfəkkirlərin İslam sivilizasiyasına bəxş etdikləri töhfələrə toxunub. O, İslama dərindən bələd olan ümummilli lider Heydər Əliyevin birbaşa təşəbbüsü ilə 1998-ci il dekabrın 9-11-də Bakıda "İslam Sivilizasiyası Qafqazda" I Beynəlxalq Simpoziumunun keçirildiyini nəzərə çatdırıb.

İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin Baş direktoru Halit Eren qloballaşma dövründə ksenofobiyanın mədəniyyətlər və dinlər arasında dialoqun inkişafına ciddi təhdid olduğunu vurğulayaraq bildirib ki, bu meyil dünyada sülhün və sabitliyin pozulmasında maraqlı olan radikal, terrorçu qüvvələr tərəfindən dəstəklənir. Bu təhdidin qarşısını almaq üçün tolerantlığın, dialoqun, əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi böyük əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanın rolu xüsusi vurğulanmalıdır.

Milli Məclisin deputatı, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva "İslam sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumunun keçirilməsini əlamətdar hadisə adlandırıb. Qeyd edib ki, İslam dini Azərbaycanda yayılmağa başlandığı andan etibarən dərin kök salıb, insanların davranışına, düşüncəsinə, mənəviyyat və mədəniyyətinə müəyyənedici təsir göstərib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İslam sivilizasiyasının Qafqaz xalqlarına bəxş etdiyi dəyərli töhfələri xüsusi vurğulayıb. Qeyd edib ki, Qafqaz xalqlarının, demək olar, əksəriyyəti İslam dininə ibadət edir. İslam Qafqaz xalqlarına səadət, xoşbəxtlik, inkişaf, islami dəyərlər bəxş edib. İslam dini-mənəvi dəyərlərinin Qafqaz xalqlarının həyatında mühüm rol oynayır.

Komitə sədri İslam dininin təkcə Azərbaycanda və Qafqazda deyil, bütün dünyada sülhün və əmin-amanlığın təmin olunmasında, qardaşlıq, dostluq münasibətlərinin qurulmasında əvəzsiz rol oynayacağına əminliyini bildirib, bu dinin doğru mənbələrdən araşdırılmasının, öyrənilməsinin və olduğu kimi təbliğ olunmasının zəruriliyini qeyd edib və Simpoziumun məhz buna xidmət etdiyini vurğulayıb.

Rusiyanın Moskva İslam İnstitutunun rektoru, professor Damir Muxetdinov Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri, Rusiya Federasiyası Prezidenti yanında Dini Birliklərlə Qarşılıqlı Fəaliyyət Şurasının üzvü müfti şeyx Ravil Qaynutdinin Simpozium iştirakçılarına ünvanlanmış məktubunu oxuyub.

Çıxış edənlər II Beynəlxalq Simpoziumun Qafqazda İslam sivilizasiyasının yayılması tarixinin elmi şəkildə öyrənilməsi və bu tarixin aktual problemlərinin obyektiv araşdırılması istiqamətində xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıblar.

Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun tanıtım çarxı nümayiş etdirilib. Beynəlxalq Simpoziumun iştirakçıları xatirə şəkli çəkdiriblər.

İki gün davam edəcək Simpoziumda Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan, Moldova, ABŞ, Avstraliya, Misir, Səudiyyə Ərəbistanı və Qafqazda İslam sivilizasiyası mövzusu üzrə fəaliyyət göstərən alim, tədqiqatçı və ekspertlərin məruzələrlə çıxışları nəzərdə tutulur.

Builki Simpoziumda “İslam mədəniyyətinin Qafqazda dini və ictimai-mədəni həyata təsiri”, “Qafqazda İslam elmlərinin inkişafı”, “Qafqazda İslam memarlığı, incəsənəti və ədəbiyyatı”, “Azərbaycanda tolerantlıq və multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu”, “Qafqazda İslamın yayılması”, “Qafqazda multikulturalizm”, “İslam sivilizasiyası Qafqazda” araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər, tarixi mənbələr, sənədlər və artefaktlar, mövzu üzrə akademik əməkdaşlıq”, “Qafqazda din təhsilində məscid, mədrəsə və xanəgahların rolu”, “Çar Rusiyasının Qafqazda İslam siyasəti”, “Qafqaz alimlərinin İslam dünyasında dəqiq, təbiət və humanitar elmlərin inkişafında rolu” adlı panellərdə müxtəlif mövzularda məruzələr dinləniləcək.

Опубликовано:11 Июль, 2019 07:40
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog